Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Mövlud Çavuşoğlu: “Rusiyanın problemi İŞİD deyil”

Dekabr 22
16:21 2015

“Rusiya Suriyada dinc sakinləri öldürür”.

“Rusiya artıq münaqişənin tərəfi halına gəlib və özünü Suriya xalqına qarşı qoyub”.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dekabrın 20-də Rusiya aviasiyasının Suriyanın İdlib şəhərini bombalaması nəticəsində dinc sakinlərin ölümü ilə əlaqədar açıqlama yayıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, M. Çavuşoğlu bombardman nəticəsində 200-ə yaxın dinc suriyalının öldüyünü bildirərək bunu qətiyyətlə pislədiklərini bəyan edib:

“Bu, insanlıq adına utandırıcı bir durumdur. Rusiya 30 sentyabrda Suriyaya müdaxilə etdikdən sonra əsasən mötədil müxalifləri hədəfə götürüb. Dinc yaşayış məntəqələri də bu hücumlardan payını alır. Rusiya Suriyaya İŞİD terror xəvaric qruplaşması ilə mübarizə bəhanəsi ilə girib. İndiyədək həyata keçirdikləri 4 minə yaxın hava hücumunun 91 faizi müxaliflərə qarşı yönəlib. Bu hücumlar nəticəsində İŞİD terror xəvaric qruplaşması daha da güclənib. Rusiyanın problemi İŞİD terror xəvaric qruplaşması deyil. Rusiya Suriyanı yenidən Əsədə təhvil vermək xəyalpərəstliyi içərisindədir və bu məqsədinə çatmaq üçün müxalifləri və dinc sakinləri öldürür. Rusiyanın əməliyyatları nəticəsində 600-dən çox dinc suriyalı ölüb. Bəzi qurumlar bu rəqəmin 800 ətrafında olduğunu bildirir. Bunların 150-dən çoxunun uşaq olduğunu dünya bilməlidir”.

M. Çavuşoğlu qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı son qərarının mürəkkəbi qurumamış Rusiyanın mülki əhalini bombalaması ən yumşaq ifadə ilə qeyri-səmimilik və beynəlxalq birliyi nəzərə almamaqdır: “Rusiya mötədil müxalifləri və mülki əhalini hədəfə almaqdan dərhal vaz keçməlidir. Əks halda, Suriya ixtilafı illərlə davam edəcək, terror bitməyəcək. Rusiya artıq münaqişənin tərəfi halına gəlib və özünü Suriya xalqına qarşı qoyub. Suriya xalqı dözümlü xalqdır və bu zorakılığın öhdəsindən gələcək. Biz də bu haqlı mübarizələrində suriyalı qardaşlarımızın yanında olmağa davam edəcəyik”.

Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?

Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.

Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.

Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir)

Digər xəbərlər