Müsəlman ölkələrinin gənclərindən Türkiyəyə dəstək Çağırışı (FOTO)
783 dəfə baxılıb
Türkiyədə FETÖ-nun iflasa uğrayan hərbi çevriliş cəhdinə qarşı bu ölkəyə dəstək məqsədilə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İKGF) və Türkiyənin Gənclər və İdman Nazirliyinin təşkil etdiyi 1-ci İƏT Gənclik Düşərgəsi Antalyada fəaliyyətə başlayıb.
“Sələf Xəbər”in “Trend”-ə istinadən məlumatına görə, dünyanın bir çox müsəlman ölkələrindən olan 300-dən artıq gəncin iştirakı ilə “Gənclər Sülh, Həmrəylik və Ortaq Dəyərlər uğrunda Fəaliyyətdə” şüarı altında öz işinə başlamış Gənclər Düşərgəsi 24 avqustadək Antalyanın Duacıq məntəqəsində fəaliyyətini davam etdirəcək.
İƏT Gənclər Forumunin sədri Elşad İskəndərov beynəlxalq düşərgənin ilk günündə 35 müxtəlif İƏT ölkəsini təmsil edən gənclərin “Türkiyə və Demokratiyaya Dəstək Bəyannaməsini” qəbul etdiyini bildirib. Xəyanətkar hərbi qiyam təşəbbüsünün tək Türkiyədə stabilliyi pozmağa deyil, bu ölkənin Orta Şərq məkanında stabilliyin bərpası uğrunda apardığı rola qarşı da istiqamətlənmiş olduğunu diqqətə çəkən E.İskəndərov 15 iyul qiyamından dərhal sonra müsəlman gənclərinin yekdilliklə qəbul etdiyi bəyannamənin onların Türkiyə demokratiyası və Türk gəncliyinin yanında olmasını dünyaya nümayiş etdirdiyini vurğulayıb.
Antalya valisi Münir Karaloğlu, Türkiyə Gənclər və İdman Nazirliyi ali təmsilçiləri, Türkiyənin millət vəkilləri və AKP gənclik qurumları nümayəndələrinin çıxış etdikləri açılış mərasimindən sonra qəbul edilən Birgə Bəyannamədə isə düşərgə iştiraçıları dünya, əsas da Qərb ictimaiyyətinə çağırış ediblər. Qiyamdan sonra Qərb dövlət nümayəndələrinin, eləcə də KİV-lərinin bəşəri dəyər olan demokratiya uğrunda mübarizə aparan Türkiyə xalqına yetərincə dəstək vermədiyini vurğulayan gənc liderlər Qərb gəncliyinə çağırış edərək, onları Türkiyə ilə həmrəylik məqsədi daşıyan #YouthWithTurkey həştəqiylə sosial mediya kampaniyasına qoşulmağa dəvət ediblər.
Avqust ayı ərzində həyata keçiriləcək sosial mediya kampaniyasında qiyamçıların gizli planları, Türkiyə prezidenti R.T.Ərdoğanın çağışrışıyla türk millətinin meydanlara gələrək demokratiya uğrunda mübarizəsi, region və dünya üçün Türkiyə demokratiyasının əhəmiyyəti kreativ vasitələrlə dünya ictimaiyyətinə çatdırılacaq.
“İslam Tarixi ve Mədəniyyəti”, “Çox Mədəniyyətlilik Perspektivində Ümmət olma Zənginliyi”, “İslam ve Demokratiya” “Modern ve Post-Modern Dönəmdə İslam Anlayışı” kimi elmi mövzuların müzakirə ediləcəyi düşərgə proqramı çərçivəsində o cümlədən, oxatma, basketbol, futbol, şahmat kimi oyunlar üzrə yarışların keçirilməsi də nəzərdə tutulur.
Sələf Xəbər: İnsanların fikrini toplamaq və onları parçalanmaqdan qorumaq İslam şəriətinin əsas hədəfi və qayəsidir. Allah taala buyurur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılma¬yın!…” (Ali İmran: 103).
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”).