Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Müsəlman qətliamı – Dünya 3 min insanın ölümündən danışır

Avqust 29
16:34 2017

Son günlər Myanma ilə bağlı müəmmalı xəbərlər yayılır. Yayılan məlumatlara görə, bu ölkədə yerli müsəlmanlar kütləvi şəkildə qətlə yetirilir. İddialara əsasən son 2-3 gün ərzində Myanmada İslam dininə inanan 3 mindən çox insan öldürülüb.

Asiya ölkələrinin bəzi KİV-ləri isə qətillərin hərbçilər tərəfindən törədildiyini bildirir. Həmçinin qeyd edilir ki, Arakan vilayətində hərbçilər 100 mindən çox müsəlmanı evlərindən qovub.

Selefxeber.az-ın “Azvision.az”a istinadən məlumatına görə, məsələyə Türkiyə mətbuatı və rəsmiləri də diqqqət ayırır. Türkiyə hökumətinin sədr müavini Bəkir Bozdağ ölkəsinin Myanmada baş verənlərdən narahat olduğunu bəyan edib: “BMT və Beynəlxalq Birlik soyqırımı xatırladan hadisələrə biganə qalmamalıdır”.

Söhbət müsəlman rohincalardan gedir. Bu xalq Cənub-Şərqi Asiyada yaşayır. BMT-nin son hesablamalarına əsasən Myanmada 770 minə yaxın rohinca yaşayır. 2010-ci ildən Myanmada müsəlman rohincalar təqib olunur. Buna səbəb onların öz dövlətlərini yaratmaq istəmələridir.

Regionda (Myanma, Banqladeş, Tayland, Pakistan və Malayziya) rohincaların ümumi sayı iki milyondur. Myanma rəhbərliyi onların bu mövqeyini ən sərt metodlarla boğmağa çalışır. Məsələn, 2012-ci ildə həyata keçirilən etnik təmizləmələr nəticəsində 200 min rohincalı ölkəni tərk edib.

BMT-nin baş katibi Antoniu Quttereş Myanmadan olan qaçqınların böyük əksəriyyətinin pənah gətirdiyi Banqladeşin rəhbərliyini sərhədləri yenidən açmağa çağırıb.

Myanma rəhbərliyi isə rəsmi KİV vasitəsilə bildirib ki, avqustun 25-də müsəlman əhalinin yaşadığı ərazilərdə fəaliyyət göstərən silahlı qruplaşmalar 24 polis blokposta hücum edərək hüquq-mühafizə orqanlarının 12 əməkdaşını qətlə yetirib. Məhz bundan sonra regionda genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Hökumət qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində 100-dən çox terrorçu zərərsizləşdirilib. 3000-ı yaxın müsəlmanının öldürülməsi ilə bağlı xəbəri hökumət təkzib edib.

Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).

Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).

Digər xəbərlər