Nə üçün BƏƏ-də İslamı qəbul edirlər?.
1. 289 dəfə baxılıb
Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Kalemah İslam Mərkəzi”nin apardığı sorğu zamanı BƏƏ-də yaşayan əcnəbi vətəndaşlar niyə məhz İslam dinini qəbul edərək müsəlman olduqları barədə danışıblar.
Selefxeber.az-ın “khaleejtimes.com”a istinadən xəbərinə görə, Kalemah İslam Mərkəzindən bilidirilb ki, ölkəyə gələn mühacirlər arasında müsəlman olanların sayı artmaqdadır. Belə ki, hələ 2016-cı ilin iyun ayından 2017-ci ilin iyun ayına kimi BƏƏ-yə gələn mühacirlərdən 341 nəfər İslam dinini qəbul edərək müsəlman olub.
2013-cü ildə İslamı qəbul edən hindistanlı Həmidə (keçmiş adı Anita) necə müsəlman olmağı barədə danışır: “Mən 1999-cu ildən BƏƏ-də yaşayıram və hər cümə günü səslənən azan səsi və xütbələri dinləməyi xoşlayıram. Mən müntəzəm olaraq kilsəyə gedirdim və bir gün adəti üzrə kilsəyə gedərkən evdən daha tez çıxmağıma baxmayaraq, maşınımı saxlamaq üçün yer tapa bilmədiyimdən moizəyə gecikdim. O gün mən pərişan halda geri qayıtdım və kilsəyə getmək həvəsim hər gün bir az daha yox oldu”.
Bu hadisədən sonra kilsəyə getmək arzusu itən hindistanlı qadın bir gün Fillipindən olan iş yoldaşına qoşularaq onunla məscidə gedir. Məsciddə İslam dini haqqında söhbətləri dinləyən qadın müsəlman olmağa qərar verərək adını da dəyişir. Bundan sonra Həmidə xristian olan ərini də İslam dininə dəvət edir. Çünki İslam dininin şərtlərinə əsasən, müsəlman bir qadın başqa dində olan biri ilə evil ola bilməz. Lakin onun fikirlərini bölüşə bilmədiyi və müsəlman olmasını qəbul etmədiyi üçün 20 illik həyat yoldaşından ayrılmağa məcbur qalır.
Əvvəllər hindu və bütpərəst olan hindistanlı mühacir Ömər isə İsalmı 2014-cü ildə qəbul edib. BƏƏ-də yaşadığı 2 il ərzində o, Quran, Bibiliya və buddist kitablarını oxuyaraq tədqiq etdikdən sonra axtardığı suallara cavabı məhz Qurani-Kərimdə tapdığını bildirir. Bundan sonra o, müsəlman olmağa qərar verib. İslamı qəbul etdiyini eşidən ailəsi isə əvvəlcə ondan üz döndərib. Hətta Ömər evləndikdə toyunda iştirak etməyən ailəsi sonradan ilk övladının dünyaya gəlişini eşidərək onunla barışıblar.
BƏƏ-də yaşayan, əslən Ukraynadan olan daha bir qadın bu ölkəyə gəldikdən sonra İslamda valideynlərə hörmət və ailə qavramının necə vacib olduğunu gördüyünü, müsəlmanların necə ibadət etmələri və öz dinlərinə necə sadiq olduqlarına heyran qaldığını qeyd edir. Məhz bundan təsirlənən qadın müsəlman olmağa qərar verərək İslamı qəbul edir.
Qəlblərində hüzur taparaq daha yaxşı insan olmaq, axtardıqları bütün sualların cavabını məhz İslam dinində tapmaq və dinə bağlı qalmaq – budur, BƏƏ-də 200-dən çox mühacirin dinini dəyişərək müsəlman olmağa qərar vermə səbəbləri.
Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 19-cu ayə)
“Uca Allah bildirir ki, İslam – yeganə dindir ki, O, onu Öz qullarından qəbul edir. İslam – bir olan Allaha qulun qəlbi və canı ilə tam təslim olmasıdır ki, O, bunu Özü elçilərinin dili ilə əmr etmişdir. Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 85-ci ayə). Əgər insan İslam dininə etiqad etmirsə, deməli o, Allaha layiqincə xidmət etmir, çünki o, Allahın Öz elçilərinin dili ilə əmr etdiyi yolla getmir.” (Bax “Təfsir Əs-Saadi”).