Pakistanlı nazir: Terrorçular Peşavərdəki kimi hücum planlaşdırırlar
669 dəfə baxılıb
“Aldığımız məlumatlara əsasən terrorçular Peşavərdəki hücuma bənzəyən hücum planlaşdırırlar”.
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bunu Pakistanın Daxili İşlər Naziri Nisar Əli Xan keçirdiyi mətbuat konfransında deyib.
O, terrorla mübarizədə xalqın dəstəyinin vacib olduğunu vurğulayıb.
“Terrorla mübarizədə xalqın dəstəyi çox önəmlidir. Evlərinizi, otellərinizi kirayə verərkən həmin şəxsin kimliyini yaxşı araşdırın, əks təqdirdə bir terrorçunun qaldığı ev və ya otel aşkar olunarsa, həmin obyektlərin sahibləri də məsuliyyətə cəlb olunacaq”, – deyə nazir bildirib.
N. Xan ölkədəki mobil rabitə şirkətləri ilə də müzakirələr aparıldığını və indiyədək 500 min sim kartın bağlandığını deyib: “Bundan sonra terror hücumları zamanı hansı şirkətin sim kartı istifadə olunarsa, həmin şirkət məsuliyyət daşıyacaq”.
Daxili İşlər Naziri KİV-ləri terrorizmi təhrik edən reportajlar hazırlamamağa və terrorçuların bəyanatlarını yaymamağa da çağırıb: “Əsgərlərin başını kəsib top kimi oynadanların mesajını yaymaqla, ordunun fədakarlıqlarına qarşı haqsızlıq edirsiniz”.
N. Xan ölkədəki mədrəsələrdən bəzilərinin “Taliban”la əlaqələrinin aşkar olunduğunu və onların qapadıldığını da diqqətə çatdırıb.
Sələf Xəbər: XX-ci əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).