Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) təmizlik örnəkləri

Dekabr 06
18:45 2014

Onun buyruqlarında gigiyena ilə bağlı yer alan tövsiyələr bu gün də tibb elmini heyrətə salır.

İslam dinində təmizlik insanlığın təməl prinsiplərindəndir. İbadətə hazırlaşan insan xüsusi təmizlik mərhələlərindən keçdikdən sonra yönünü Qibləyə çevirir. Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) həyatında təmizlik həm gözəllik, həm ibadət, həm də sağlamlıq üçün çox önəmli amil kimi dəyərləndirilir. “Sələf Xəbər”-in Milli.az-a istinadən məlumatına görə, onun buyruqlarında gigiyena ilə bağlı yer alan tövsiyələr bu gün də tibb elmini heyrətə salır.

Rəsulullah buyurur ki, dəstəmaz alarkən gözlərinizə su içirin. Bu, o deməkdir ki, göz çuxurlarına su verin, onları yaxşı-yaxşı ovuşdurun. Bu gün bir çox göz xəstəliklərinin məhz göz çuxurlarının təmizlənməməsi ucbatından əmələ gəldiyi məlumdur. Göz masajı, yəni göz çuxurlarının yüngülcə ovuşdurulması görmə qabiliyyətinin yaxşılaşdırılması üçün ən səmərəli üsullardan hesab olunur. Hətta, Dünya Səhiyyə Təşkilatı gün ərzində ən azı bir dəfə göz qapaqlarını və çuxurlarını yaxşı-yaxşı yumağı məsləhət görür.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dırnaqların kəsilməsinə, əlləri yuyarkən barmaq aralarının təmizliyinə xüsusi diqqət yetirir. Adıçəkilən yerlər daha çox mikrobların yığıldığı nahiyələrdir.

Saça baxım məsələsində də Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) yenə ən gözəl örnəkləri bizlərə təqdim edir. Başı təmiz yuduqdan sonra ona yüngülcə zeytun yağı çəkərək daramaq, həm dərini masaj edir, həm də zeytun yağı dərini də, saçları da qidalandırır. Rəsulullah bəzən də saçları müxtəlif ağacların çiçəkləri və ya bitkilərlə yumağı məsləhət görür.

Rəsulullahın dövründə Avropada daha çox tündrəngli paltarlar geyməyə üstünlük verirdilər, çünki tünd rəngdə kir izləri bilinmir. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) isə öz səhabələrinə mümkün olduğu qədər ağ rəngli paltarlar geyməyi tövsiyə edir. Çünki ağ rəng təmizliyin, gözəlliyin rəmzidir, kiri gizlətmir. Yəni ağ paltar geyinən adam istər-istəməz onu təmiz saxlamağa məcbur olur.

Yemək və su içmək mövzusunda Allah Rəsulunun o qədər gözəl tövsiyələri var ki, tibb elmi onların faydasını izah etdikcə adam heyrətə düşür. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) içilən suyun təmizliyinə xüsusi fikir verib.

622-ci ildə müsəlmanlar Məkkədən Mədinəyə hicrət edərkən bu şəhərdə Rumə quyusu yeganə su qaynağı hesab olunurdu. Quyunun səlahiyyəti isə bir yəhudidə idi. Müsəlmanlar su sarıdan korluq çəkirdilər, quyu sahibi müsəlmanlara suyu çox baha qiymətə satırdı. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) : “Kimsə Rumə quyusunu satın alıb bütün müsəlmanların istifadəsinə verəcəkdirmi? Əmin olun ki, cənnətdə onun üçün bundan daha xeyirlisi vardır”. Rəsulullahın bu çağırışına cavab olaraq, Osman (Allah ondan razı olsun) həmin quyunu yəhudidən satın alaraq müsəlmanların istifadəsinə verir. Quyunun yəhudinin əlindən çıxıb müsəlmanlara keçməsi də əsrlər boyu söylənən çox ibrətli bir hadisədir.

Quyu bazarlığı

Osman (Allah ondan razı olsun) Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) istəyinin bir an öncə yerini tutması üçün quyu sahibinin yanına gedir və onunla bazarlaşmağa başlayır. Yəhudi quyunu o zaman üçün real qiymətindən çox baha deyir. Osman (Allah ondan razı olsun) o məbləğə sahib olmadığı üçün bu dəfə də quyuya ortaq olmaq haqda yəhudi ilə bazarlıq edir. Deyir ki, quyu bir gün onun, bir gün də yəhudinin səlahiyyətində olsun. Yəhudi razılaşır, amma bu dəfə də real qiymətdən yuxarı məbləğ istəyir. Osmanın (Allah ondan razı olsun) bu məbləği ödəməyə imkanı çatır, ona görə də razılaşır və yəhudinin istədiyi qiyməti verib, quyuya ortaq olur. Beləcə, quyu bir gün müsəlmanların, bir gün də yəhudinin istifadəsində olur. Amma heç üç gün keçməmiş yəhudi nə qədər böyük səhv etdiyini anlayır. Çünki müsəlmanlar quyunun onlara məxsus olduğu gün suya olan bütün ehtiyaclarını həll edir, sonra da evlərindəki bütün qabları doldurub yəhudidən su almağa gəlmirlər. Yəhudi də bu quyudan nə qazanırdısa, müsəlmanlardan qazanırdı. İndi ona məlum olur ki, onun qazancı, düşündüyü kimi, yarıbayarı azalmayıb, tamamilə kəsilib.

Yəhudi bir qədər də qazancsız gözləyəndən sonra özü Osmana (Allah ondan razı olsun) minnətçi düşür və quyunun digər yarı haqqını da çox ucuz qiymətə ona təklif edir. Osman (Allah ondan razı olsun) həmin haqqı da yəhudidən satın alır və quyunu tamamilə müsəlmanların sərəncamına verir.

“Onun haqq olduğu onlara bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik. (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!”

Qurani-Kərim, “Fussilət” surəsi, 53-cü ayə

Digər xəbərlər