PKK terrorçuları Türkiyədə eyni vaxtda 3 partlayış törədib
593 dəfə baxılıb
Baş verən terror aktı nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 36 nəfər yaralanıb.
Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda PKK terrorçuları polis bölməsinə silahlı hücum edib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, terrorçular polis bölməsinin yaxınlığında minalanmış avtomobili partladıb, daha sonra binanı qumbaraatanlardan atəşə tutublar. Bildirilir ki, terrorçular eyni anda üç müxtəlif yerə – polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə hücum edib. Xəstəxanalara yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var.
Qeyd edək ki, hələlik hadisə ilə bağlı rəsmi məlumat verilməyib.
Əraziyə çox sayda polis və təcili yardım cəlb edilib. Polis bölməsinin binasına, ətrafdakı evlərə və ofislərə ciddi ziyan dəyib, bəzi küçələrdə elektrik enerji kəsilib. Hadisə yerindən qaçan terrorçuların yaxalanması üçün bölgədə əməliyyatlar davam edir.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)