Prezident İlham Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib – YENİLƏNİB
1. 015 dəfə baxılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Selefxeber.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.
Məlumatda deyilir ki, Əbdüllətif bin Raşid Əl-Zəyyənin Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin rəhbərlərinin salamlarını dövlətimizin başçısına çatdırıb. O deyib: “Biz mövcud əlaqələrin səviyyəsini yüksək qiymətləndiririk və əlaqələrimizin daha da möhkəmləndirilməsində maraqlıyıq. Bu münasibətlərin inkişafında Sizin rəhbərliyinizə görə minnətdarıq”.
Azərbaycan-Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının biznes-forumunda iştirak edəcəklərini məmnunluqla qeyd edən Əbdüllətif bin Raşid Əl-Zəyyənin bu tədbirin Azərbaycan ilə təşkilata üzv dövlətlər arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsi regionda təhlükəsizliyin, sabitliyin və iqtisadi inkişafın təmin olunması baxımından önəmlidir. Qonaq deyib ki, sizin gözəl ölkənizə körfəz dövlətlərindən gələn turistlərin sayının artması məmnunluq doğurur.
Təşkilata üzv dövlətlərlə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyini, bu dövlətlərlə güclü siyasi münasibətlərimizin mövcud olduğunu deyən Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmini qeyd edib.
Azərbaycanda turizmin inkişafı üçün böyük işlərin görüldüyünü bildirən dövlət başçısı respublikamıza xarici ölkələrdən, o cümlədən körfəz dövlətlərindən gələn turistlərin sayının durmadan artdığını məmnunluqla qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda turistlərə yüksək qonaqpərvərlik göstərildiyini deyib, bunun da ölkələrimiz və xalqlarımız arasında əlaqələrin genişlənməsi işinə töhfəsini verdiyini vurğulayıb.
İqtisadi əməkdaşlığımız üçün də yaxşı imkanların mövcud olduğunu qeyd edən dövlət başçısı ölkəmizdə investisiya qoyuluşu üçün əlverişli şəraitin olduğunu vurğulayaraq bu baxımdan Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin Azərbaycana investisiya qoyması üçün yaxşı imkanların mövcud olduğunu bildirib. Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığının artdığını məmnunluqla qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, bu il Davos Dünya İqtisadi Forumu ölkəmizin iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya dövlətləri arasında 37-ci yerdən 35-ci yerə layiq görüb.
Dövlət başçısı Azərbaycanın İslam həmrəyliyi işinə öz töhfəsini verdiyini, ölkəmizdə bu yaxınlarda İslam Həmrəyliyi Oyunlarının keçirildiyini qeyd edərək, bu Oyunların İslam ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından önəmini vurğulayıb.
Söhbət zamanı üzv dövlətlər ilə Azərbaycan arasında hava əlaqələrinin genişləndirilməsinin məqsədəuyğun olduğu qeyd edilib.
Prezident İlham Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin rəhbərlərinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin rəhbərlərinə çatdırmağı xahiş edib.
Sonda Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim olunub.