Qeyri-qanuni yolla Məkkəyə gələn 98 min zəvvar geri qaytarılıb
861 dəfə baxılıb
“Sələf Xəbər” Gulf News xəbər portalına istinadən bildirir ki, Səudiyyə Ərəbistanı bu günə qədər 98 min zəvvarın Məkkəyə çatmasına mane olub.
Bu zəvvarlar Həcc mövsümü zamanı krallığın qərb hissəsindən müqəddəs şəhərə daxil olmalarına icazə verən sənədləri təqdim etməyiblər.
Səudiyyə vətəndaşları və mühacirlər də daxil olmaqla, Səudiyyə Ərəbistanında yaşayan heç bir kəs, səlahiyyətli Həcc operatorları tərəfindən qeydiyyata alınmadan və səlahiyyətli orqanların icazəsi olmadan şəhərə daxil ola bilməz. İnsanların xəlvəti şəkildə şəhərə daxil ola bilməməsi üçün, şəhərin ətrafında sıx mühafizə dəstələri yerləşdirilib.
Səudiyyə Ərəbistanının Həcc Naziri illik iclasda çıxışı zamanı bildirib ki, bu il Həcc ziyarətini ¼ hissəsi Hindistan subqitəsindən olan 1.4 milyondan çox əcnəbi zəvvar yerinə yetirəcək.
Mühafizə dəstələri və müntəzəm xəbərdarlıqlara baxmayaraq, müvafiq sənədləri olmayan minlərlə insan “bəxtlərini sınamaq” üçün palçıqlı yollar və təpələrlə şəhərə daxil olmağa cəhd edir. Lakin, təhlükəsizlik xidməti onları tutaraq şəhərə daxil olmalarına mane olur.
Səudiyyə Ərəbistanının Daxili İşlər nazirliyindən əldə edilən məlumata əsasən, zəvvarları daşımaq üçün lisenziyası olmayan 25 216 ədəd nəqliyyat vasitəsi geri qaytarılıb.
Hava yolu ilə gələn zəvvarların icazə sənədlərinin yoxlanılması hava limanında həyata keçirilir və müvafiq sənədləri olmayanlar vətənlərinə geri qaytarılır. Onlardan bir çoxu Həcc operatorlarının bütün sənədlərinin qaydasında olduğunu deyərək onları aldatdığından şikayətlənib və icazə kağızlarının olmadığını yalnız Səudiyyə Ərəbistanının hava limanında öyrəndiklərini bildiriblər.
Səudiyyə səlahiyyətli orqanlarının yalnız müvafiq sənədlərə malik insanların şəhərə daxil ola biləcəyi barədə qərarı, ərazidə böyük sayda kütlələrin toplaşacağı ilə əlaqəli təhlükəsizlik və təşkilati məsələlərlə bağlı narahatçılıqları ilə əlaqəlidir.
Səudiyyə hökuməti Həcc mövsümü ərzində 3 milyon insanın tez və rahat şəkildə ziyarət etməsi üçün şərait yaradıb, lakin onlar hələ də qaydalara əməl etməyən insanların səbəb olduğu problemlərlə üzləşirlər. Bəzi səudiyyəli vətəndaşlar və mühacirlər Həcc mövsümündən “yararlanaraq” pul qazanmaq üçün Həcc arzusunda olan insanları yalan vədlərlə aldadır və ya onlara Həcc operatorunun qeydiyyatına ehtiyac olmadan müqəddəs şəhərə “gizli yollarla” daxil olmağa kömək etməyi təklif edirlər.
Ötən il saxtakarlara mane olmaq üçün Məkkə ətrafında 300 kilometr boyunca mühafizə dəstələri yerləşdirilmişdi. Mühafizə sistemi 30 nəzarət-buraxılış məntəqəsi və 50 səyyar patruldan ibarət idi. 200 nəfərdən ibarət xüsusi dəstək qoşunu isə fövqəladə hallar üçün gözləmə rejimində idi.
Bu il zəvvarlar Cümə namazı qılmaq və dua etmək üçün Ərəfat dağındatoplaşacaq. İd əl-Ədhə, yəni Qurban bayramı isə Şənbə günü qeyd olunacaq.
Həcc islamın 5-ci və sonuncu şərtidir. Fiziki cəhətdən sağlam və kifayət qədər maliyyə vəsaitinə malik hər bir müsəlman qadın və kişi ən az ömründə bir dəfə Həcc ibadətini yerinə yetirməlidir.