Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Qəzza yenidən bombalanır: bir gecədə 30 fələstinli öldü

İyul 30
15:44 2014

Trend RİA Novosti-yə istinadən məlumat verir ki, iyulun 29-da gecə Qəzzanın İsrail ordusu tərəfindən yenidən əvvəlki şiddətlə bombalanması nəticəsində 30 fələstinli həlak olub.

Hələ bir gün əvvəl ordu hücum əməliyyatlarından imtina edəcəyini vəd etsə də, gün ərzində 10 əsgərin ölümü İsrailin siyasi rəhbərliyini və hərbi komandanlığını 3 həftə ərzində mindən artıq dinc sakinin ölümünə səbəb olan əvvəlki metodlara qayıtmağa məcbur edib. Hərbçilər qeyd ediblər ki, gecə ərzində Qəzza sektorunda 60-a yaxın hədəfə hücum olunub.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, merin evinə endirilən zərbə nəticəsində “əl-Büreyc” qaçqın düşərgəsində ən azı 14 nəfər, yerli “İslam cihadı” briqadasının komandirinin məhv edildiyi Rafahda 12 nəfər, Xan-Yunisdə isə 3 nəfər həlak olub.

Səhiyyə Nazirliyinin son hesablamalarına görə, 3 həftə ərzində Qəzzada gedən döyüşlərdə 1095 nəfər ölüb, 6,5 min nəfər yaralanıb. İsrail tərəfdən isə 56 nəfər ölüb, onlardan 53-ü əsgər və zabitdir.

Həmin gecə hücum olunan obyektlər arasında HƏMAS hərəkatının lideri, sabiq Baş nazir İsmail Xaniyənin evi, Maliyyə Nazirliyinin binası, islamçıların “əl-Əqsa” televiziyasının baş ofisi, boşaldılmış prezident iqamətgahının qarşısındakı məscid də var. Bir gün öncə İsrail ordusu şimaldakı Beyt-Hanun, Beyt-Lahiyə və Cəbaliyyə şəhərlərinin, eləcə də paytaxtın şərq hissəsində mülki əhalini evlərini tərk etməyə və anklavın içərilərinə doğru çəkilməyə çağırıb. Gecə Fələstin silahlıları İsrailə 8 raket zərbəsi endiriblər. Ölkənin ikinci böyük şəhəri və 400 min əhalisi olan Təl-Əvivdə isə hava həyəcanı siqnalı və partlayış səsləri eşidilib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 214-cü ayə).

“Xeyirxah və Uca Allah bu ayə ilə xəbər verir ki, qullar, onlardan əvvəlki nəsillər sınaqdan keçirildikləri kimi, hökmən firavanlıqla, bədbəxtliklə və ya çətinliklərlə imtahana çəkiləcəklər. Bu, Allahın müəyyən etdiyi qanundur, həmişə qüvvədə qalır və dəyişikliyə uğramır. Əgər insan dini əqidəyə malikdirsə və Allahın qanunlarına riayət edirsə, onda o, hökmən bu sınaqdan keçməlidir və əgər o, bu yolda qarşıya çıxan çətinliklərə baxmadan Allahın hökmlərini səbirlə yerinə yetirirsə, onda o, əsil mömindir və ən yüksək səadətə və əzəmətə nail olacaqdır. Yox, əgər o, insanların onu yoldan çıxarmasını Allahın cəzası kimi qəbul edirsə və fəlakətlər və çətinliklər üzündən düz yoldan dönürsə, əgər sınaqlar onu müəyyən olunmuş yolla getməyə mane olursa, onda onun imanlı olması iddiası yalandır. İman gözəl sözlər, təmtəraqlı istəklər və boş ifadələr üzərində qurulmamışdır – o, insanın əməlləri və fəaliyyəti ilə ya təsdiq olunur, ya da inkar edilir.

Uca Allah bildirir ki, əvvəlki insanların nəsillərini də səfalət və cismani xəstəliklər bürüyərdi. Onları ölümlə, sürgünlə, əmlakından məhrum etməklə və sevgilisinin qətli ilə təhdid edərdilər və bəzən çətinliklər o qədər dözülməz olurdu ki, möminlər hətta Allahın köməyinin gecikdiyini güman edirdilər, halbuki onlar onun gələcəyinə qəti əmin idilər. Uca Allah vəziyyətin yüngülləşdirilməsini çətinliklərdən sonra nazil etdiyinə görə, köməyini sıxıntılı vəziyyətdə qalanlara göstərir. Allah ayədə xəbər verir ki, Allahın köməyi yaxındır.” (Bax “Təfsir Əs-Saadi”).

Allah Qəzza müsəlmanlarına və bütün müsəlmanlara kömək olsun. Orda ölənlərə rəhmət, yaralılara şəfa və sağ qalanlara səbir diləyirik!

Digər xəbərlər