Qəzzada ölənlərin sayı artır
842 dəfə baxılıb
“Sələf Xəbər” Fələstin İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, bu günlərdə Qəzza zolağının daha iki sakini – 72 yaşlı kişi və 53 yaşlı qadın həyatını itirib.
Mərkəzin müxbiri, onların İsrailin Qəzza zolağına etdiyi hücumlar zamanı aldıqları yaralardan həlak olduğunu bildirib.
Beləliklə, münaqişə dövründə ölənlərin sayı 2164 nəfərə çatıb.
Qeyd edək ki, İsrailin Qəzzaya qarşı hücumu 7 iyulda başlayıb və 51 gün davam edib. Münaqişə zamanı 11 mindən çox fələstinli yaralanıb. Misirin vasitəçiliyi ilə Qahirədə keçirilən atəşkəs üzrə müzakirələrin yekunu olaraq 26 avqustdan atəşkəs əldə edilib və İsrail, hücumlarını dayandırıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 214-cü ayə).
“Xeyirxah və Uca Allah bu ayə ilə xəbər verir ki, qullar, onlardan əvvəlki nəsillər sınaqdan keçirildikləri kimi, hökmən firavanlıqla, bədbəxtliklə və ya çətinliklərlə imtahana çəkiləcəklər. Bu, Allahın müəyyən etdiyi qanundur, həmişə qüvvədə qalır və dəyişikliyə uğramır. Əgər insan dini əqidəyə malikdirsə və Allahın qanunlarına riayət edirsə, onda o, hökmən bu sınaqdan keçməlidir və əgər o, bu yolda qarşıya çıxan çətinliklərə baxmadan Allahın hökmlərini səbirlə yerinə yetirirsə, onda o, əsil mömindir və ən yüksək səadətə və əzəmətə nail olacaqdır. Yox, əgər o, insanların onu yoldan çıxarmasını Allahın cəzası kimi qəbul edirsə və fəlakətlər və çətinliklər üzündən düz yoldan dönürsə, əgər sınaqlar onu müəyyən olunmuş yolla getməyə mane olursa, onda onun imanlı olması iddiası yalandır. İman gözəl sözlər, təmtəraqlı istəklər və boş ifadələr üzərində qurulmamışdır – o, insanın əməlləri və fəaliyyəti ilə ya təsdiq olunur, ya da inkar edilir.
Uca Allah bildirir ki, əvvəlki insanların nəsillərini də səfalət və cismani xəstəliklər bürüyərdi. Onları ölümlə, sürgünlə, əmlakından məhrum etməklə və sevgilisinin qətli ilə təhdid edərdilər və bəzən çətinliklər o qədər dözülməz olurdu ki, möminlər hətta Allahın köməyinin gecikdiyini güman edirdilər, halbuki onlar onun gələcəyinə qəti əmin idilər. Uca Allah vəziyyətin yüngülləşdirilməsini çətinliklərdən sonra nazil etdiyinə görə, köməyini sıxıntılı vəziyyətdə qalanlara göstərir. Allah ayədə xəbər verir ki, Allahın köməyi yaxındır.” (Bax “Təfsir Əs-Saadi”).
Allah Qəzza müsəlmanlarına və bütün müsəlmanlara kömək olsun. Orda ölənlərə rəhmət, yaralılara şəfa və sağ qalanlara səbir diləyirik!