Qüdsdə toqquşmalar davam edir: 100-dən çox adam yaralanıb – YENİLƏNİB
1. 548 dəfə baxılıb
Qüdsün tarixi mərkəzində baş verən toqquşmalar zamanı xəsarət alanların sayı 120 nəfəri keçib.
Selefxeber.az xəbər verir ki, “APA”nın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə “Qızıl Aypara” cəmiyyətinin məlumatında bildirilir.
Məlumata görə, yaralananların əksəriyyəti rezin güllələr və qazlardan xəsarət alıblar.
Polisin məlumatına görə, asayiş keşikçilərinin Əl-Aksa məscidi qarşısında toplaşan dindarlar tərəfindən daş-qalaq edilməsi qarşıdurmaya səbəb olub. Polis toqquşmalar zamanı yalnız bir polis əməkdaşının yaralandığını iddia edir.
Fələstinlilər isə, öz növbəsində, insidentin baş verməsində israilliləri günahlandırıblar. Onlar israillilərin dindarların Əl-Əksa məscidinə daxil olmasına imkan vermədiklərini iddia ediblər.
Xatırladaq ki, iyulun 25-də Qüdsdə “Əl-Aksa” məscidinin girişində İsrail tərəfindən quraşdırılan metal detektorlar və video kameralar götürülüb. Müsəlmanların sərt etirazına səbəb olmuş elektron təhlükəsizlik sistemləri İsrailin hərbi-siyasi kabinetinin qərarı ilə ləğv edilib.
Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, daha biri yaralanıb. Bundan sonra İsrail hökuməti “Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.
İsrail təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində 4 fələstinli ölüb, yüzlərlə şəxs yaralanıb.
Onu da qeyd edək ki, ötən gün qüdslü alimlər Məscidül-Əqsa çağırışı etmişdilər.
Qüds müftisi Şeyx Məhəmməd Hüseyn, Qüds Baş qazısı Vasif Bəkri, Qüds İslam Vəqfi Yüksək Şurasının sədri Əbdüləziz Salhab, Qüds Yüksək İslam nümayəndə heyətinin rəhbəri və Məscidiül-Əqsa xətibi Şeyx İkrimə Sabri də başda olmaqla, qüdslü alimlər mətbuat konfransında Məscidül-Əqsa ilə bağlı qərarı açıqlayıblar.
Selefxeber.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Qüds İslam Vəqfi Yüksək Şurasının sədri Əbdüləziz Salhabın oxuduğu bəyanatda İsrail mövqeləri tərəfindən Məscidül-Əqsada müsəlmanların rahatlıqla ibadət etməsinə mane törədən tədbirlərin tamamilə aradan qaldırılmasından sonra müsəlmanların Hərəm-i Şərifə girməsi istiqamətində qərar alındığı bildirilib.
Məscidül-Əqsada ilk namazın əsr vaxtı qılınacağını bildirən bəyanatda deyilir: “Qüds və Fələstindən Məscidül-Əqsaya gələ bilən bütün müsəlmanları toplu şəkildə məscidə girməyə çağırırıq. Müsəlmanların sabahdan etibarən və hər zaman cümə günləri Məscidül-Əqsaya axın etməyə dəvət edirik”.
Qüds İslam Vəqfi Yüksək Şurasının sədri Əbdüləziz Salhab Məscidiül-Əqsanın heç bir qapısının bağlanmasına icazə verməyəcəklərini, eləcə də məscidə giriş üçün qoyulan yaş məhdudiyyətini də qəbul etmədiklərini bəyanatda vurğulayıb: “Məscidə gəlmək kiçik və ya böyük hər müsəlmanın haqqıdır. Qüds xalqının dik duruşu və birliyi işğalçıları geri addım atmağa məcbur etdi “.
Bundan əlavə, Əbdüləziz Salhab müsəlmanların əl-Əqsa məscidinə bütün qapılardan girə bilməsi üçün əl-Məğaribə qapısının açarlarının Qüds İslam Vəqflər Şurasına verilməsini tələb etdiyini də bildirib.