Quranın yeni əlyazması hazırlanır
771 dəfə baxılıb
Fələstinli xəttat Saher əl-Kaabi Qüdsdəki əl-Əqsa məscidinin şərəfinə adlandıracağı və Osmanlı üslubunda yazdığı Quranın əlyazmasını hazırlayır.
2014-cü ilin fevral ayında Fələstinin dövlət başçısı Mahmud Abbasdan Osmanlı Quranının surətini yazmaq üçün sifariş alan Al-Kaabi demək olar ki, gün ərzində 15 saat kitab üzərində işləyir. Quranın hər səhifəsinin yazılmasına nə az, nə çox düz 24 saat vaxt sərf olunur.
Balata qaçqın düşərgəsindən olan xəttatın sözlərinə görə, bu, Əl-Əqsa məscidinin şərəfinə adlandırılmış və Fələstinin adını daşıyan ilk Quran surəti olacaq.
Əlyazma üçün zəruri lisenziya və xüsusi ləvazimatları almağa Saher əl-Kaabi bir ilə yaxın vaxt sərf edib. Fələstinli xəttatın Xəlifə Osman ibn Affan dövrünə aid olan və Osmanlı üslubuna oxşar miniatürlərlə bəzədiyi əlyazma üçün kağızlar xüsusi olaraq İstanbuldan gətirilir.
Saher əl-Kaabi ümid edir ki, onun bu ilin sonuna qədər yekunlaşdırmaq istədiyi bu şərəfli iş bütün dünyanın nəzərini Əl-Əqsa məscidinə cəlb etməyə kömək edəcəkdir.
Əl-Aqsa Qurani-Kəriminin əlyazması yekunlaşdıqdan sonra Qahirədəki əl-Əzhər Universitetinin Təftiş Komissiyası tərəfindən yoxlanılacaq və Fələstin höküməti onu kütləvi şəkildə çap edərək bütün dünyaya yayacaq.
Mənbə: Ansar.ru
Sələf Xəbər: Qeyd etmək lazımdır ki, Quran Uca Allah tərəfindən muzeylərdə sərgilənmək və insanların onun xarici görünüşündən feyzyab olmaları üçün göndərilməyib. Quran – hər bir yaxşılığı əmr edən və hər bir pisliyi qadağan edən hökmlər kitabıdır. Uca Allah onu insanların oxuması, mənasını dərk etməsi və ehkamlarına müvafiq olaraq əməl etməsi üçün nazil edib. Buna dəlil Uca Allahın aşağıdakı kəlamlarıdır: “Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir” (Müqəddəs Quran, Hədid surəsi, 9-cu ayə).
20-ci yüzilliyin məşhur islam alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin) Müqəddəs Quranın oxumaqdan başqa məqsədlərlə, məsələn divarda bəzək şəklində asılması və s. kimi istifadəsi barədə soruşublar.
Buna şeyx cavab verib: “Biz Quranı layiqli şəkildə oxumalı, onun ehkamlarına riayət etməli, onun şanını uca tutmalı, hörmət etməli və təhqirlərdən və ona qarşı qeyri-düzgün münasibətdən qorumalıyıq, çünki Quran – Allahın, özündə yalnız həqiqəti əks etdirən kitabıdır və onda bir yalan da yoxdur. Biz ixtilafa düşdükdə onun ehkamlarına əsasən əməl etməli və hökm verməliyik. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin). Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və (Onun) Elçisinə müraciət edin. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır” (Müqəddəs Quran, “Nisa” surəsi, 59-cu ayə).
Daha sonra şeyx deyir: “Əməlisaleh sələflərimizdən hər hansı birinin Qurandan çıxarışları lövhələrdə yazaraq və ya çərçivəyə salaraq daha sonra divardan asması barədə bizə məlum deyil. Əksinə, Quran onların ürəyinə yazılmışdı və onlar ona tamamilə riayət edir, oxuyur, əzbərləyir və onu digərlərinə öyrədirdilər. Qurandan çıxarışları lövhələrə yazmaq, çərçivəyə salmaq və s.-yə gəldikdə isə, əməlisaleh sələflərimizin bunu etdiyi barədə bizə məlum deyil. Və bu cür əməllərdə fayda yoxdur. Əksinə, belə halda Quranın təhqirə məruz qalması və layiqli şəkildə qorunmaması ehtimalı var”.