Qurban bayramında 89 ölkə və bölgəyə qurban paylanılacaq
773 dəfə baxılıb
Müqəddəs Qurban bayramının yaxınlaşması ilə əlaqədar olaraq, Türkiyənin İHH İnsani Yardım Təşkilatı öz rəsmi saytında Qurban bayramı üçün xeyriyyə fəaliyyətinin planını yerləşdirib.
Selefxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İHH İnsani Yardım Təşkilatı bu il Qurban bayramı təşkilatçıları ilə birlikdə Türkiyə də daxil olmaqla 89 ölkə və bölgədə qurban paylayacaq.
Xatırladaq ki, İHH İnsani Yardım Təşkilatı 24 ildir ki, yardımsevərlərin dəstəyi ilə Qurban bayramı xeyriyyə tədbirlərini həyata keçirərək ehtiyac sahiblərinə bayram sevinci yaşadır.
Hələ keçən il Qurban bayramı zamanı xeyriyyə məqsədilə 52 min qurbanlıq heyvan almaq üçün vəsait toplanmışdı. Təşkilatçılar göstəricilərin bu il daha yüksək olacağına ümid edirlər. Hər baş qurbanlıq heyvanın qiyməti isə təxminən 550 türk lirəsi təşkil edir.
Qurban bayramı vəsiləsi ilə İHH İnsani Yardım Təşkilatı qurban əti paylamaqla bərabər, həm də bir çox tikinti layihələrini də həyata keçirəcək. Cami və məscidlərin, içməli su quyularının, uşaq evlərinin, təhsil mərkəzlərinin və bir çox buna bənzər layihələrin təməli də məhz bayram ziyarəti zamanı atılacaq.
Bundan əlavə, İHH İnsani Yardım Təşkilatı Türkiyə ilə birlikdə daha 10 ölkədə – Albaniya, Fələstin, Kəşmir, Çeçenistan, Çernoqoriya, Çad, Somali, Şri-Lanka, Sudan və Suriyada 35 min yetimi bayramlıq geyimlə təmin etməyi də nəzərdə tutub.
Sələf Xəbər: “Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (bismillah desinlər). Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver!” (Qurani-Kərim, “Həcc” surəsi, 34-cü ayə)
Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) Mədinəyə hicrət edəndə, Mədinə sakinlərinin oynayıb-əyləndikləri iki günün olduğunu eşidir. “Bu günlər nədir?” – deyə soruşduqda, onlar: “Cahiliyyət dövründə bu iki gündə oynayardıq…” – dedilər. Peyğəmbərimiz isə (Allahın ona salavat və salamı olsun), buyurdu: “…Allah sizə bunlardan daha xeyirli olanlarını verdi: Qurban və Ramazan bayramları”. (Əbu Davud)