Ramazan ərəfəsində Məkkə və Mədinəyə gedəcək zəvvarların sayı məlum olub
719 dəfə baxılıb
Ramazan ayından öncə və Ramazan ayı boyunca dünyanın müxtəlif yerindən 7 milyona yaxın zəvvarın Məkkə və Mədinə şəhərlərinə ümrə ziyarəti edəcəyi məlum olub.
Bununla əlaqədar olaraq, zəvvarların ziyarət zamanı təhlükəsizliyi və rahatlığını təmin etmək üçün minlərlə işçi onlara xidmət göstərəcək.
Ümrə ziyarətinə gələn zəvvarlar müxtəlif hava limanlarından istifadə etsələr də, əsasən Kral Əbdüləziz adına Ciddə Beynəlxalq Hava limanı və şahzadə Muhamməd bin Əbdüləziz adına olan Mədinə Hava limanından istifadə edəcəklər.
Mədinə şəhəri Həcc və Ümrə Nazirliyinin nümayəndəsi Muhammed Becavinin bildirdiyinə görə, bu il Misir verilən ümrə vizalarının sayına görə digər ölkələr arasında ilk sıralarda yer alır.
Ümrə ziyarəti üçün verdikləri viza sayına görə dövlətlər arasında sıralama aşağıdakı kimidir:
Misir – 1 275 785
Pakistan – 918 063
İndoneziya – 655 163
Hindistan – 436 000
Türkiyə – 439 000
İordaniya – 343 000
Əlcəzair – 313 000
Malaziya – 211 000
İraq – 183 000
Böyük Britaniya – 77 000
Digər dövlətlər – 695 000
İki Müqəddəs Məscidin idarə nümayəndəsi Abdülvahid Əl-Xəttabın sözlərinə görə, yeni ümrə mövsümü üçün hazırlıqlar demək olar ki başa çatıb. Tərtib olunmuş layihə üzrə idarə xidmətinə kömək məqsədilə zəvvarlara xidmət göstərmək üçün 5000 işçi cəlb olunub.
O, həmçinin bildirib ki, artıq Əl-Haram və Peyğəmbər Məscidinə (Allahın ona salavat və salamı olsun) gələn zəvvarların hər biri sərin Zəmzəm suyu şüşələri ilə təmin ediləcək. Bundan əlavə, zəvvarları günvurmadan qorumaq üçün Peyğəmbər Məscidinin (Allahın ona salavat və salamı olsun) meydançalarında 250 çətir və 436 sərinlədici ventiliyasiya sistemi də quraşdırılıb.
Sələf Xəbər: İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: “Ramazan ayı gəldikdə ümrə et. Bu ayda edilən ümrə həccə bərabərdir.” (Buxari: 1782).