Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ramazanda Məkkəyə rekord sayda zəvvar gəlib

İyun 27
17:14 2016

Ramazanın son günlərində 6 milyondan çox zəvvar Məkkə şəhərinə gəlmək üçün müraciət edib.

Səudiyyə Ərəbistanı rəsmilərinin verdiyi məlumata görə, ümrə ziyarətinə gələn zəvvarların sayı rekord həddə çatıb.

Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi bildirib ki, Ramazan ayının son 10 günündə Məkkəyə ümrə ziyarəti üçün bu vaxta kimi görünməmiş sayda zəvvar gələcək. Bununla əlaqədar olaraq, Həcc və Ümrə Nazirliyi Məkkəyə gələcək zəvvarların ümrə ziyarətlərini rahatlıqla həyata keçirə bilmələrindən ötrü bir sıra tədbirlər görməyə başlayıb.

Xatırladaq ki, bu yaxınlarda Səudiyyə Ərəbistanında yaxın onillik ərzində krallığın inkişaf və strategiyası üçün yazılmış “Vizion – 2030” adlı sənəd hazırlanmış və təsdiq edilmişdir. Səudiyyə Krallığı bununla yanaşı, həmçinin həcc və ümrə mərasimlərinin daha da inkişafı və genişləndirilməsini də nəzərdə tutur.

Qeyd edək ki, Səudiyyə Krallığının hal-hazırda hər il həcc və ümrə ziyarətindən əldə olunan illik gəliri 45 milyard səudiyyə rialı (12 milyard dollar) təşkil edir. Hakimiyyət orqanları artıq 2020-ci ilə bu rəqəmin artaraq 200 milyard rial (53 milyard dollar) olacağını proqnozlaşdırır.

Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir (Məkkədir)! Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 96-97-ci ayələr)

“Uca Allah – yer üzündə Ona ibadət və Onu zikr etmək üçün qurduğu Məscidülharamın əzəməti haqqında xəbər verir. Bu məscid məxluqlara böyük fayda verir və iri miqyasda nemət bəxş edir. Onda Allahın sevimlisi İbrahimin yüksək məqamını və onun həcc ziyarəti zamanı etdiyi əməlləri və həmçinin bütün elçilərin ağası və başçısı olan Muhəmməd Peyğəmbərin (s.ə.s.) yüksək məqamını xatırladan aydın əlamətlər vardır. Bu məscid haram edilmiş torpaqda yerləşir və insan bu torpağa ayaq basdıqda, Allahın qədərinə, İslam şəriətinin və dininin ehkamlarına müvafiq olaraq, əmin-amanlığa qovuşur.
Məscidülharamın sadalanan ümumi özəlliklərini və onunla bağlı ikinci dərəcəli ehkamları nəzərə alaraq, Uca Allah, öz əməlinə məsuliyyət daşıyan və imkanı olan bütün kəslərin Məkkəyə həcc ziyarəti etməsini məcburiləşdirmişdir. Bunun üçün adamlara bəs edir ki, imkan tapıb Məkkəyə qədər istənilən nəqliyyat vasitəsilə gəlsin və özü ilə ona zəruri olan ərzağını götürsün. Bu ayədə elə sözlər xatırlanır ki, onlar həm hal-hazırda mövcud olan və həm də gələcəkdə olacaq nəqliyyat vasitələrinə aiddir.
Müqəddəs Quranın möcüzələrindən biri də onun ehkamlarının bütün zamanlar və istənilən şərait üçün tətbiq olunarlığıdır. Bundan başqa, insanlar bu hökmlərə riayət etmədikcə, öz işlərini tam qaydaya sala bilməzlər. İnsan onlara tabe olduqda və onları layiqincə yerinə yetirdikdə, o, doğru yolla gedən möminlərdən biri olur. Əgər o, onlara itaət etməkdən boyun qaçırırsa və Məkkəyə həcc ziyarəti etmək istəmirsə, onda o, dinin ağuşundan çıxır və kafir olur, axı Allahın Öz qullarına ehtiyacı yoxdur.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər