Rus xakerlər Türkiyəyə hücum edib
651 dəfə baxılıb
Türkiyənin hava sahəsini pozduğu üçün vurulan “Su-24” bombardman təyyarəsindən sonra Rusiya Türkiyəyə qarşı zərbələri davam etdirir. Türkiyənin bir çox bank saytlarına kiber hücum edilib. Qlobal kompyuter xakerləri qrupu Türkiyənin ən əhəmiyyətli bankları başda olmaqla bir çox (com.tr) domeni ilə DNS server sistemlərinə hücum edib.
“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, haker hücumundan sonra girişi məhdudlaşdırılan saytlar sırasında “İş bankası”, “Garanti”, “Akbank”, “Ziraat” və “Yapı Kredi” bankları da yer alıb. İnternet üzərindən bankların saytlarına daxil ola bilməyən istifadəçilər şikayətlərini sosial media ilə bildiriblər.
Rusiyalı hakerlər bir neçə gündür ki, Türkiyənin minlərlə internet saytına kiber hücum həyata keçirir. Keçən həftənin sonundan başlayan haker hücumları Türkiyənin bir çox bank sistemində problemlər yaradıb.
Türkiyədə 31 mart 2015-ci il tarixində ölkə daxilində böyük bir elektrik kəsilməsi baş vermişdi, əvvəl səbəbləri texniki nasazlıq deyilirdisə, daha sonra enerjinin əsl səbəbi kiber hücumun nəticəsində baş verdiyi məlum olmuşdu.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)