Səudiyyə Ərəbistanı azərbaycanlı məcburi köçkünlərə humanitar yardım göndərib
1. 828 dəfə baxılıb
Səudiyyə Ərəbistanı azərbaycanlı məcburi köçkünlərə humanitar yardım göndərib.
Selefxeber.az-ın məlumatına görə bu barədə “Report“a Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komtəsindən məlumat verilib.
Bildirilib ki, Səudiyyə Ərəbistanı Krallığının İslam İnkişaf Bankının xətti ilə “2016-cı il Həcc mövsümünün Qurban ətindən istifadə layihəsi” çərçivəsində Azərbaycana 37 ton 300 kiloqram qurbanlıq əti gətirilib.
Dövlət Komitəsi sədrinin müvafiq əmrinə uyğun olaraq 5 000 cəmdəyin qablaşdırıldığı hər biri 10 kiloqram olmaqla 3 730 qutudan ibarət humanitar yardım məcburi köçkünlərin sıx məskunlaşdıqları Füzuli rayon ərazisindəki yeni qəsəbələrdə, Biləsuvar və İmişli rayonları ərazisində yeni salınmış qəsəbələrdə və Beyləqan rayonu ərazisində Xocavənddən olan məcburi köçkünlər üçün salınmış 500 ailəlik qəsəbələrdə yaşayan məcburi köçkün ailələrinə paylanılması üçün adıçəkilən rayonların icra hakimiyyətlərinə təhvil verilib.
Bu humanitar yardıma görə məcburi köçkünlər Azərbaycan Prezidentinə və Səudiyyə Ərəbistanı Krallığına dərin minnətdarlıqlarını bildirib, iki ölkə arasında humanitar əməkdaşlığın bundan sonra da yüksək səviyyədə və davamlı inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Humanitar yardımın paylanmasında Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleym, İslam İnkişaf Bankının nümayəndələri də iştirak ediblər.
Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!”(Müqəddəs Quran, “Maidə” surəsi, 2-ci ayə)