Səudiyyə Ərəbistanı terrorçuluqla mübarizəyə 100 milyon dollar ayırıb
933 dəfə baxılıb
APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı kralı qlobal terrorçuluqla mübarizə aparmaq üçün BMT-yə 100 milyon dollar vəsait ayırdıqlarını açıqlayıb. Bu barədə çek BMT-nin baş ofisində baş katib Pan Gi Muna təqdim edilib.
Təqdimat zamanı Pan Gi Mun Səudiyyə Ərəbistanın bu addımının təqdirəlayiq olduğunu və son zamanlar bir sıra ölkələrdə terror hadisələrinin artmasından narahatlığını bildirib. Səudiyyə Ərəbistanının BMT-dəki səfiri Adel əl-Cubeyir terrorun bir bəla olduğunu və bütün ölkələrə təsir etdiyini söyləyərək yalnız birgə əməkdaşlıq nəticəsində
bu təhlükənin öhdəsindən gəlməyin mümkün olduğunu vurğulayıb.
Sələf Xəbər: Ekstremist-xəvariclərin terror hücumlarından ən çox zərər görmüş ölkələrdən biri olan Səudiyyə Ərəbistan xəvaric ekstremizmi ilə mübarizədə böyük müvəffəqiyyətlərə nail olub. İlk dəfə olaraq məhz Səudiyyə Ərəbistanda terrorçuluqda ittiham edilmiş cinayətkarların reabilitasiyası üzrə xüsusi proqram yaradılıb.
Bu proqramın əsas fərqləndirici xüsusiyyəti ondadır ki, ekstremistlərə sadəcə cinayət törətmiş insanlar kimi deyil, ekstremist ideyalarla zombiləşdirilmiş ideoloji-xəstə insanlar kimi baxılır. Bu proqram çərçivəsində, saxlanılan ekstremistlər ümumi həbsxanalara yerləşdirilmir, çünki onlar başqalarını da öz ideyaları ilə yoluxdura bilərlər.
Belə cinayətkarlar üçün ayrı bərpa mərkəzləri yaradılıb, burada onlar ciddi nəzarət altındadırlar. Bu mərkəzlərdə daimi olaraq müsəlman alimləri tərəfindən dərslər keçirilir və bu dərslərdə ekstremist-xəvaric fikirlərinin yanlış və zəlalət olduğu izah olunur. Bu proqram nəticəsində, bir çox terrorçular öz ekstremist-xəvaric nöqteyi-nəzərlərini tərk etdilər, və Səudiyyə Ərəbistanda ekstremizmin yayılma sürəti olduqca zəiflədi.
Çox ölkələr və beynəlxalq təşkilatlar, xüsusilə, BMT Təhlükəsizlik Şurası, bu proqramın fəaliyyətini yüksək qiymətləndirərək dünyanın bütün ölkələrini ekstremizmə qarşı mübarizənin bu metodlarını tətbiq etməyə çağırıblar.