Səudiyyə Ərəbistanının baş müftisi İslam aləminə səsləndi
1. 874 dəfə baxılıb
“Sələf Xəbər” aawsat.com saytına istinadən bildirir ki, Səudiyyə Ərəbistanı Krallığının baş müftisi və Böyük Alimlər Məclisinin başçısı Əbdüləziz Əli Şeyx yeni hicri ili olan 1436-cı ilin əvvəlində bütün müsəlmanlara səslənib.
Baş müfti müsəlmanlara xitab edərək, onları parçalanmaqdan, ixtilafdan və düşmənlərin hiylələrinin arxasınca getməkdən çəkindirib. O, əlavə edib ki, bu fitnələri alovlandırmaqda ümmətin düşmənlərinin hədəfi İslam ölkələrini ələ almaq üçün rahat yol və açıq qapı hazırlamaqdır. Əbdüləziz Əli Şeyx, ümməti dini və maddi güc toplamağa çağırmış, İslam ümmətini birləşməyə səsləmiş və zəlillik, zəiflik, təfriqə və ixtilafdan uzaq durmağı tövsiyə etmişdir.
Müqəddəs Məkkə şəhərindən yayımlanan “Nidəul İsləm” (İslamın səsi) radiosundan öz həftəlik proqramında Əli Şeyx deyib: “Üzümüzə yeni il olan 1436-cı il gəlməkdədir. Allahdan bu ili xeyr və bərəkət ili etməsini, bizim hamımızı bu ildə sevdiyi və razı qaldığı əməllərə müvəffəq etməsini, günahlarımızı və səhvlərimizi bağışlamasını, eyiblərimizi örtərək həqiqi tövbə etməyi nəsib etməsini, ömrümüzün ən xeyirli anlarını sonda, əməllərimizin ən yaxşısını da axırda və ən xeyirli günlərimizi də Onunla qarşılaşacağımız gündə etməsini istəyirəm”.
Baş müfti xatırladıb ki, Allah Təala Məhəmməd (Allahın ona salavat və salamı olsun) ümmətini üstün tutaraq əvvəlkilərə nəsib etmədiyi bir çox xüsusiyyətlərlə fərqləndirmiş və kamil etdiyi və tamamladığı bir din vermişdir.
Allah Təala buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim”. (Qurani Kərim, “Məidə”surəsi, 3-cü ayə).
Allah Təala həmçinin onlar üçün ən üstün və ən şərəfli olan kitabı seçmişdir. Elə bir kitabı ki, “Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə layiq olan (Allah) tərəfindən nazil edilmişdir”. (Qurani Kərim, “Fussilət” surəsi, 42-ci ayə).
Eləcə də Peyğəmbərlərin və Rəsulların sonuncusu olan Peyğəmbərimiz Məhəmmədi (Allahın ona salavat və salamı olsun) də bizim üçün seçmişdir. Müraciətinin davamında Əbdüləziz Əli Şeyx deyib: “Ey İslam ümməti, həqiqətən də ümmətimiz təhlükəli və olduqca xətərli bir yol ayrıcını keçməkdədir. Fərqli sinflərdən olan İslam düşmənlərinin meydan oxumaları qarşısındayıq. Onlar müsəlmanlar arasında fitnələr törətməyə və həmçinin də ümmətin öz fərdləri arasında düşmənçilik yaratmağa çalışırlar ki, müsəlmanların bu fitnələrlə başları qarışsın, dini və dünyəvi xeyirlərindən məhrum olsunlar. Onları Allah yolundan döndərərək ixtilafları, mübahisələri və təfriqələri ilə daim başları qarışıq olan bir ümmət etmək istəyirlər.
Allah Təala isə sizə deyir ki, “Hamılıqla Allahın ipinə möhkəm sarılın və parçalanmayın!” (Qurani Kərim, “Əli İmran” surəsi, 103-cü ayə). Həqiqətən də parçalanmaqda zəlillik və zəiflik, birlikdə isə qüvvət və izzət vardır. Uca Allah buyurur: “Ey iman gətirənlər! Bir (kafir) dəstə ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın ki, nicat tapasınız! Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!” (Qurani Kərim, “Ənfəl” surəsi, 45-46-cı ayələr).
Biz, müsəlmanların boynuna düşən odur ki, doğru yolumuza qayıdaq. Rəbbimizin kitabına və Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) sünnəsinə əməl edək. Allaha and olsun ki, Şamda, İraqda, Yəməndə, Liviyada və digərlərində müsəlmanların başına gələnlər ürəyi üzən və ağrıdan bir yaradır”.
Müfti bəyan edib ki, İslam aləminin və ərəb dünyasının başına gələnlər ağrıdıcı və olduqca kədərləndiricidir. Bu partlayışlar, həlakedici çəkişmələr ölkələri və onların kommunikasiya sistemini, əkinlərini, torpaqlarını dağıtmış, onların birliklərini parçalamış və övladlarını da ayırmışdır.
Əbdüləziz Əli Şeyx müraciətini bu sözlərlə bitirib: “Ey müsəlmanlar, qəflətinizdən oyanın! Rəbbinizə dönün! Dininizin qoyduğu yola əməl edin! Bilin ki, bu fitnə və müsibətlərdən qurtulmaq yalnız Rəbbinizə qayıtmaqla, Allaha və Onun Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun) itaət etməklə olacaqdır. Müsəlmanlar bu ixtilafda və Allahın dinindən uzaqlaşmaqda davam etdikcə Allah Təala müsəlmanların vəziyyətini buyurduğu kimi edəcəkdir: “Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası, doğrudan da, ağrılı-acılıdır, şiddətlidir!” (Qurani Kərim, “Hud” surəsi, 102-ci ayə).
Ey qardaşlarım, gəlin, öz əməllərimizdə Allahdan qorxaq, işlərimizə nəzər salaq və doğru yola qayıdaq. Uca Allahdan bu ildə bizi xeyrə, söz və səf birliyinə, qəlblərimizin yaxınlaşmasına müvəffəq etməsini, əmr sahiblərimizi və başçılarımızı sevdiyi və razı qaldığına tərəf yönəltməsini, müsəlmanları da Öz dininə qaytarmasını və başçılarını islah etməsini istəyirəm. Həqiqətən də O, hər şeyə qadirdir”.