Səudiyyə kralı dünya müsəlmanlarına müraciət edib
1. 264 dəfə baxılıb
“Biz müsəlman qardaşlarımızın sevinci ilə sevinir, kədəri ilə kədərlənirik. Çətin və rahat günlərində biz daim onların yanındayıq.”
Səudiyyə Kralı Salman ibn Əbdüləziz mübarək Ramazan ayının başlanması münasibətilə bütün dünya müsəlmanlarını təbrik edib.
Kral Salman çıxışı zamanı müsəlmanlara müraciət edib: “Gəlin, hər birimiz mərhəmət, bağışlanma və Cəhənnəmdən xilas ayı olan Ramazan ayına bir daha qovuşa bildiyimiz üçün Uca Allaha şükr edək. Eləcə də bizə gözlə gördüyümüz və görmədiyimiz bütün nemətləri bəxş etdiyi üçün Allaha həmd-sənalar edək.
Əziz müsəlman qardaşlarım, Ramazan mərhəmət və bağışlanma ayıdır və bu bizə dünyanın terrordan necə əziyyət çəkdiyini bir daha xatırladır. İslam dini bizi mərhəmətə, şəfqətə, sevgiyə, sülhə, ədalətə səsləyən, hər bir zorakılıq və ekstremizmdən uzaq bir dindir.
Biz bu mübarək ayda müsəlman xalqlarına və bütün dünyaya hər cür əsarətdən, zorakılıqdan qurtula bilmək üçün Allahdan kömək diləyirik”.
Çıxışının sonunda Kral Salman dünyanın müxtəlif yerlərində yaşayan və sıxıntı çəkən müsəlmanların vəziyyətini xatırladaraq Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) hədisini sitat gətirib: “Möminlər bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri də xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənər.”
Biz də müsəlman qardaşlarımızın sevinci ilə sevinir, kədəri ilə kədərlənirik. Çətin və rahat günlərində biz daim onların yanındayıq.