Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə rəhbərliyi: “Faciənin qarşısını almaq insan imkanları xaricində olub”

Sentyabr 28
16:37 2015

Səudiyyə Ərəbistanının ən yüksək rütbəli ruhanisi deyib ki, cümə axşamı günü 700-dən artıq zəvvarın ölümünə səbəb olmuş faciənin qarşısını almaq insan imkanları xaricində olub.

“Sələf Xəbər” Azvision.az-a istinadən məlumat verir ki, Şeyx Əbdüləziz bin Abdullah əl-Şeyx Daxili İşlər naziri şahzadə Məhəmməd bin Nayefin hadisəyə görə məsuliyyət daşımadığını deyib.

Səudiyyənin Baş Müftisinin bəyanatından əvvəl İranla yanaşı bir neçə ölkə Səudiyyə hakimiyyətini təhlükəsizlik tədbirlərinə görə tənqid edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası Səudiyyəni “səriştəsizlikdə” ittiham edib və ölümlə nəticələnmiş hadisəyə görə onlardan “cavabdehliyi üzərlərinə götürməyi” tələb edib.

Səudiyyə Səhiyyə nazirliyi zəvvarları “təlimatlara əməl etməməkdə” günahlandırıb. Nigeriya isə bu iradı rədd edib.

Məkkə yaxınlığında çaxnaşma nəticəsində bu qədər insanın həyatını itirməsindən sonra, Səudiyyə Kralı Salman Həcc ziyarətilə bağlı təhlükəsizlik tədbirlərinin nəzərdən keçirilməsinə dair sərəncam verib. Minada iki milyon zəvvarın Həcc ziyarətinin sonuncu iri ayinində iştirak etdiyi zaman baş verən hadisədə daha 863 nəfər xəsarət alıb. Bu son 25 ildə Həcc ziyarəti zamanı baş vermiş ən ölümcül hadisədir.

Kral bildirib ki, zəvvarların “hərəkətinin təşkili və idarə olunması səviyyəsinin təkmilləşdirilməsinə” ehtiyac var.

Həcc ziyarətinin tərkib hissəsi kimi, zəvvarlar Məkkədən Minaya, təxminən 5 kilometr səyahət edərək şeytanı təmsil edən Cəmərat adlanan sütunlara yeddi daş atırlar. Qəza yerli vaxtla 09:00-da (06:00 GMT) baş verib.

Səudiyyə Daxili İşlər nazirliyinin sözçüsü Maj Gen Mansour al-Turki bildirib ki, zəvvarların iki böyük qrupunun eyni küçəyə müxtəlif istiqamətlərdən daxil olması zamanı baş verib.

Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)

“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər