Şeyx: “Heydər Əliyev dedi ki, Qurandan bir az oxu mənə tərcümə et…”
1. 189 dəfə baxılıb
“Siz Kəbə evində bir neçə il bundan əvvəl söz verdiniz ki, mən məscid tikdirəcəm”.
“Sələf Xəbər”-in “Qafqazinfo”-ya istinadən məlumatına görə, bunları dekabrın 26-da Bakıda Heydər məscidinin açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
“…Möhtərəm cənab Prezident, Siz Kəbə evini yada saldınız. Biz Heydər Əliyev həzrətləri ilə birlikdə Kəbə evində namaz qılarkən Ulu Öndər ancaq xalqı, Vətəni, torpağı, şəhidlər üçün dua etdi. Möhtərəm Prezident, biz sizinlə də Məkkədə olmuşuq. Mehriban xanım da orada idi. Siz də xalqımız, Vətənimiz, torpağımız və Qarabağ torpaqlarının tezliklə azad olunması, şəhidlərimiz üçün dua etdiniz. Siz Kəbə evində bir neçə il bundan əvvəl söz verdiniz ki, “mən məscid tikdirəcəm”. Kəbənin içində edilən dualar müstəcəb oldu və Heydər Əliyevin adına belə bir məscid tikildi. Mən inanıram, orada Qarabağ haqqında, şəhidlərimiz haqqında edilən dualar da inşallah müstəcəb olacaq. Çünki bu dualar Kəbə evində edilib.
Mən Heydər Əliyev həzrətləri ilə çox görüşlərdə olmuşam, söhbət etmişik. Yadımdadır, BMT-nin 50 illiyi idi, Nyu-Yorkdan geri qayıdırdıq. Əlimdə Qurani-Kərim var idi, oxuyurdum. Heydər Əliyev həzrətləri mənə dedi ki, Qurandan bir az oxu və mənə tərcümə et ki, orada nə deyilir. Orada bir ayə var ki, Allah-Təala buyurur: “Bəzi müşriklər, istəməyənlər, həqiqəti, haqqı dananlar, istəyirlər ki, Allahın yandırdığı çırağı söndürsünlər. Üfürməklə söndürmək istəyirlər. Deyir, mən yandırmışam o çırağı, sən onu üfürməklə söndürə bilməzsən”. Sonradan dedi ki, bu, mənə çox təsir etdi.
Mən arzu edirəm ki, – keçən səfər də dedim, sizin gözəl nəvələriniz var və onları çox istəyirsiniz, – Mehriban xanım, Allah-Taala inşallah, sizə oğul nəvəsi də nəsib etsin.
Hörmətli İlham Əliyev həzrətləri, Sizin özünüzə də demişəm, hərdən elə qəti addımlar atırsınız ki, həmin addımı heç kim gözləmir. Avropa Şurasında əyləşib barmaq silkələdiniz. Onu hər adam edə bilməz. Amma Siz bunu etdiniz. Çünki Siz Heydərin oğlusunuz və buna görə də biz fəxr etməliyik. Azərbaycan xalqı Sizinlə fəxr edir. Mənim ürəyim doludur, çoxlu sözlərim var. İnşallah, mən həmişə Sizə dua edəcəyəm”.
“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!”.
Qurani-Kərim, “Nisa” surəsi, 59-cu ayə