Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Suriyalı qaçqınlar soyuq qışa hazırlaşır

Noyabr 03
18:37 2014

“Sələf Xəbər” www.amerikaninsesi.com saytına istinadən xəbər verir ki, Livanda bir milyondan çox suriyalı qaçqın, sərhəddəki Bekaa vadisindəki boş ərazilərə inşa edilən gecəqondularda yaşayır.

İŞİD terror xəvaric qruplaşması döyüşçülərinin də sərhədlə üzbəüz yerləşdiyi təxmin edilir.

Bölgədə öz hakimiyyətini genişləndirmək istəyən İŞİD terror xəvaric qruplaşmasının Livana da hücum etmə ehtimalının olduğu bildirilir.

Bu yaxınlarda Tripolidə İŞİD terror xəvaric qruplaşmasının döyüşçüləri ilə Livan ordusu arasında qarşıdurma baş verib. Bu, Arsal qəsəbəsinin bir müddət Əl-Nüsra cəbhəsi və İŞİD terror xəvaric qruplaşmasının döyüşçülərinin idarəsi altına keçdiyi vaxtdan bu günə qədər baş vermiş ən qızğın döyüş olub.

Lakin, Livandakı suriyalı qaçqınlar İŞİD terror xəvaric qruplaşmasının döyüşçülərindən daha çox, yaxınlaşan qış mövsümündən qorxur. Humanitar yardım təşkilatlarının əməkdaşları, qaçqınların inşa etdiyi evləri dayanıqlı hala gətirmək üçün vəsaitlər paylayıb. Məhəmməd əl-Şeyx, taxta və müşəmbədən ibarət çadırların uşaqları qorumaq üçün kifayət etmədiyini deyib: “Yağış suyunun evlərin içinə axmasından qorxuruq. Keçən qış çox qar yağdı. Qarın qalınlığı yarım metri keçmişdi”.

Humanitar yardım təşkilatlarının əməkdaşları bütün qaçqınlara vəsaitlər paylamağa çalışır. Lakin, Suriyada müharibə qızışdıqca, Livana gələn qaçqınların sayı da getdikcə artır.

Humanitar yardım təşkilatında çalışan Hiba Feris Medair deyib: “Livanda çoxlu sayda qaçqın var və onların sayı hər gün artır. Bu isə o deməkdir ki, bizim daha çox vəsaitə ehtiyacımız var. Bütün ailələrə yardım paylamağa çalışsaq da, yeni qaçqın qrupları səbəbi ilə həmişə əskikliyimiz olur”.

Qaçqınlar bu qış dərman əldə edə bilməməkdən də qorxur. Əl-Şeyxin həyat yoldaşı Başa Hüseyn çox az evlərdə qızdırıcıdan istifadə olunduğunu və yanacaq almağa pulları olmadığını deyir: “Nə deyək. Hər şey açıq-aydın görünür. Ümid eləyirəm ki, hər kəs bundan daha yaxşı şəraitdə yaşayır”.

Bəzi qaçqın qadınlar isə, çadırlarda çirk içində yaşamağın, soyuq qış və qida azlığı ilə mübarizədən daha pis olduğunu deyib. Bölgədə təhlükəsizlik barədə narahatlıqlar davam edir. Düşərgədəki uşaqlar isə yardım təşkilatlarının qış üçün kifayət qədər ədyal paylamamağından qorxduqlarını deyib.

 Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların vəziyyətini düzəltməyini diləyirik. Amin.

Uca Allahın dediyi kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Müqəddəs Quran, əl-İnşirah sürəsi, 5-ci ayə).

Digər xəbərlər