Türkiyə Balkanlarda ən böyük məscid inşa edir
1. 292 dəfə baxılıb
Türkiyə dövlətinin dəstəyi ilə Balkanlarda ən böyük məscid Albaniyanın paytaxtı Tirana şəhərində inşa olunur. Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2015-ci ildə təməli qoyulan Namazgah məscidinin tikintisi Türkiyə Dəyanət Vəqfi tərəfindən aparılır.
Təməlqoyma mərasimində Ərdoğanın “Türkiyənin Alban xalqına ən qiymətli hədiyyəsi” olaraq xarakterizə etdiyi məscidin inşaası haqqında məlumat verən podratçı şirkət başçısı Hüseyn Şentürk əsas tikintinin başa çatdığını, incə və xırda işlərin isə hələ davam etdiyini bildirib. Onun sözlərinə görə, məscidin gələn ilin sonuna qədər ibadətə açılması gözlənilir.
Selefxeber.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, 3 mindən 5 minə qədər insanı özündə cəmləyə biləcək məsciddə bağça və kənarındakı açıq sahə də daxil olmaqla 10 minə qədər adamın rahatlıqla ibadət etməsi nəzərdə tutulub. Bundan əlavə, 10 hektarlıq bir ərazini əhatə edən Namazgah məscid külliyyəsinə kitabxana, mədəniyyət mərkəzi, iş otaqları, “Qurani-Kərim” kursu, sərgi salonu, yeməkxana, konfrans zalı, avtopark da daxil olacaq. Məscidin yanında isə “Birlikdə Həyat Muzeyi” adını daşıyacaq bir muzey də inşa ediləcək.
Xatırladaq ki, 1967-ci ildə Albaniyada dövrün kommunist rejimi tərəfindən dinin qadağan edilməsiylə bütün məscidlər bağlanılıb, bunların böyük əksəriyyəti dağıdılıb, bir qisimi anbara, mədəniyyət evinə, ya da muzeyə çevrilmişdi. O dövrdə 100 min əhalisi olan Tiranada təxminən 40 məscid var idi. Günümüzdə əhalisinin sayı 1 milyondan çox olan paytaxtda isə cəmi 18 kiçik məscid fəaliyyət göstərir. Şəhərdə kifayət qədər məscid olmadığı üçün müsəlmanlar cümə və bayram günlərində küçə və meydanlarda namaz qılmaq məcburiyyətində qalırlar.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər.” (Muslim).
İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu hədisi belə təfsir etmişdir: “Yəni, həmin insanın cənnətdəki evi, öz dəyərinə görə, cənnətdəki başqa evlərin hamısından üstün olacaqdır, necə ki, məscid öz dəyərinə görə, bu dünyadakı evlərin hamısından üstündür.” (“Şərh Muslim”).