Türkiyə nüvə silahı hazırlayırmı?
2. 408 dəfə baxılıb
“Sələf Xəbər” www.internethaber.com xəbər saytına istinadən xəbər verir ki, 1998-ci ildə Pakistanın nüvə silahı proqramına rəhbərlik edən Professor Abdulqadir Han, Pakistan və Türkiyə arasında nüvə silahının hazırlanmasına dair hər hansı bir əməkdaşlığın olmadığını, bu iddiaların “cəfəngiyat” olduğunu bildirib.
Paytaxt İslamabadda təhlükəsizlik qüvvələrinin qoruması altında yaşayan və mətbuat nümayəndələri ilə görüşməyən Han, nüvə silahları ilə əlaqəli açıqlamasında, Türkiyənin Pakistandan yardım alaraq gizli nüvə proqramı həyata keçirdiyi barədə iddiaları təkzib edib. Bu sahədə iki ölkə arasında heç bir əməkdaşlıq olmadığını dilə gətirən Han, iddiaları “cəfəngiyat” adlandırıb.
Pakistanın Müdafiə Nazirinin keçmiş müavini general-leytenant Asif Yasin Malik isə Türkiyə ilə Pakistan arasında müdafiə sahəsindəki əməkdaşlığın yüksək səviyyədə olduğunu, lakin nüvə silahının işlənib hazırlanmasına dair heç bir qarşılıqlı yardımın edilmədiyini bildirib. Keçən iki il ərzində Pakistan və Türkiyə arasında müdafiə sahəsindəki əməkdaşlığı inkişaf etdirməyə yönəlmiş rəsmi görüşlərdə iştirak etdiyini və Pakistan nümayəndə heyətlərinə sədrlik etdiyini dilə gətirən Malik deyib: “Bu xəbər doğru deyil. Pakistan nüvə texnologiyasının yayılmasına qarşıdır. Biz məcburiyyət qarşısında nüvə silahı işləyib-hazırlamışıq.
Məncə bu xəbərin hədəfi Türkiyə yox, Pakistandır. Xəbərin məqsədi müsəlman dünyasının nüvə silahına sahib yeganə ölkəsini təzyiq altına salmaqdır. Bizim nüvə tədqiqatlarımız heç bir ixracat məqsədi daşımır və ölkəmizi xarici müdaxilələrdən qorumaq məqsədilə işlənib hazırlanıb”. Xatırladaq ki, bundan öncə Almaniyada nəşr edilən Die Welt qəzeti, “Türkiyənin nüvə silahı işləyib-hazırlamaq istədiyini” iddia edərək, lazımi texniki məlumatların isə Pakistandan əldə edildiyini bildirmişdi.
“Ey iman gətirənlər! Əgər bir fəsadçı sizə bir xəbər gətirsə, (onu) araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz.”
Hucurat, 6