Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə ordusu İraqa girməyə hazırlaşır

İyul 27
16:45 2015

Hökumət əməliyyatların hələ də davam etdirləcəyi barədə qərar qəbul edib.

Türkiyə Hərbi Hava Qüvvələri bu gecə də PKK silahlılarına qarşı əməliyyatlar keçirib.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, F-16 tipli qırıcılar Diyarbəkir vilayətindən havalanaraq İraqda silahlıların mövqelərinə aviazərbələr endiriblər.

Aviazərbələrin 4-cü dalğasında Zap, Metina, Gara, Avaşin-Basyan, Haftanin, Hakurk və Kandildəki PKK-nın bütün sığınacaqları, silah anbarları, logistik sahələri bombardman edilib.

Türkiyə hökuməti əməliyyatların hələ də davam etdirləcəyi barədə qərar qəbul edib.

Türkiyə kəşfiyyatının verdiyi məlumata görə, bu əməliyyatlar zamanı PKK tarixinin ən ağır itkisini verib. Kandildə yüzlərlə terrorçu öldürülüb və onlardan 50-si terrorçuların başında duranlardır. Bundan başqa 100-ə yaxın terrorçu isə ağır yaralanıb.

Son məlumatlara görə, Türkiyə hökuməti qərara alıb ki, ölkə sərhədlərindən kənarda PKK terrorçularına misili ilə qarşılıq veriləcək və hazırda hökumət terrorçulara qarşı quru qoşunları İraqa daxil olması barədə qərarın verilməsi ətrafında düşünür.

PKK terrorçularına ağır zərbələr vurulsa da Türkiyədə bu əməliyyatlara qarşı çıxanlar da var. Əməliyyatlara qarşı çıxan yüzlərlə vətəndaşın etiraz aksiyaları gecə boyu davam edib. İstanbul şəhəri ilə yanaşı, Hakkari, Şırnaq, Batman, Bitlis, Siirt, Mersin və İzmir vilayətlərində etiraz aksiyaları sonda polislə qarşıdurmalara çevrilib. Qarşıdurmalar zamanı fəallar daş və yanıcı-kəsici maddələrlə polisə hücum ediblər. Polis isə gözyaşardıcı qaz və su şırnaqları ilə askiyanı dağıtmağa çalışıb.

Mersində baş tutan qarşıdurmalar zamanı PKK tərəfdarı olan bir nəfərin ağır xəsarət aldığı bildirilir.

Məlumata görə, etirazlar fonunda Hakkari vilayətində hərbi baza hücuma məruz qalıb. Hərbi qüvvələri açılan atəşə atəşlə cavab veriblər. Qarşıdurmalar nəticəsində itki olmadığı bildirilir. Lakin rəsmilər silah səslərinin gecə boyu davam etdiyini bildiriblər.

İstanbul şəhərində isə daha bir polis əməkdaşı hökumətin PKK-ya qarşı əməliyyatlarına etiraz edən fəalların aksiyasını dağıtmağa çalışan zaman silahlı hücuma məruz qalıb. Polis əməkdaşı sinəsindən aldığı ağır yara nəticəsində dünyasını dəyişib. Təhlükəsizlik qüvvələri helikopterlərin də dəstəyi ilə cinayəti törədən şəxsin axtarışlarına başlayıblar.

Şırnaq vilayətində isə, polis məntəqəsi hücuma məruz qalıb. Naməlum silahlılar binaya bir neçə dəfə atəş açdıqdan sonra gözdən itməyi bacarıblar. Polis silahlıların izinə düşüb. Bölgədə təhlükəsizlik tədbirləri daha da gücləndirilib.

Türkiyənin Suriya ilə sərhədlərində də gərginlik qalmaqdadır. Qaziantep vilayəti ilə sərhəd bölgələrdə İŞİD xəvaric terror qruplaşması silahlılarının traktorlar vasitəsilə yenidən xəndək qazdığı müşahidə olunub.

Türkiyə hökuməti Suruç rayonunda 32 nəfərin öldürülməsi, 100-ə yaxın insanın yaralanması ilə nəticələnən terror aktından sonra İŞİD xəvaric terror qruplaşması silahlılarına qarşı hərbi əməliyyatlara başlayıb.

Ötən gün hücumu törədən Əbdürrəhman Alagöz adlı şəxsin təhlükəsizlik kameralarına düşən görüntüləri yayımlanıb. Kadrlarda terrorçunun Amara mədəniyyət mərkəzinə daxil olduğunu görmək olur. Türkiyə hökuməti hücumun İŞİD xəvaric terror qruplaşması tərəfindən təşkil edildiyini ehtimal edir.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər