Türkiyə prezidenti: İran bölgədə hökmranlıq etməyə çalışır
875 dəfə baxılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın regionda hakim mövqe tutmaq niyyətinin dözülməz olduğunu bildirib.
“İran bölgədə hökmranlıq etməyə çalışır. Bu artıq ABŞ-ı, Səudiyyə Ərəbistanını və Fars körfəzi ölkələrini qıcıqlandırmağa başlayıb. Bu həqiqətən də dözülməzdir və İran bunu görməlidir”.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ərdoğan Yəməndəki hərbi əməliyyatı şərh edərkən bildirib.
Türkiyə prezidenti Yəməndəki qarşıdurmanın məzhəb arası münaqişəyə çevrildiyini qeyd edərək İranı şiə üsyançılarını (husilər) dəstəkləməyə son qoymağa çağırıb.
“İran mövqeyini dəyişməlidir. Yəmən, Suriya və İraqdakı qüvvələrini geri çəkməlidir və onların ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”, deyə Ərdoqan bildirib.
Qeyd edək ki, ötən gün Ərdoğan vəziyyətin inkişafından asılı olaraq Türkiyənin Yəməndəki əməliyyata loqistik dəstək verəcəyinin mümkünlüyünü qeyd edib.
Bu arada Ərdoğanın mətbuat katibi bildirib ki, Yəməndəki hadisələrə baxmayaraq, prezidentin İrana rəsmi səfəri nəzərdə tutulan tarixdə, yəni aprelin əvvəlində, həyata keçiriləcək.
Sələf Xəbər: Uca Allah buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz”. (“Ali İmran” surəsi, 103-cü ayə)
Bu ayə onu göstərir ki, müsəlmanlar birləşməlidir və cərəyanlara, təriqətlərə bölünmək onlara qadağandır. Təəssüf ki, bizlər bu gün müsəlmanların bir-biri ilə ədavətdə olan müxtəlif firqələrə və cərəyanlara bölünməsini müşahidə edirik.
Hər bir təriqətin dini məsələlərin bir çoxuna fərqli yanaşması olduğu halda müsəlmanlar necə birləşə bilərlər? Cavab yuxarıda verilən ayədədir: “Hamınız Allahın ipindən möhkəm yapışın!” Bu necə bir ipdir? Bu ip elə Allahın həqiqi dini – İslamdır. Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və onun səhabələrinin etiqad etdiyi İslam.
Səhih hədislərin birində rəvayət olunur ki, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ümmətinin yetmiş üç qrupa bölünəcəyini və onların birindən başqa hamısının yanlış yolda olacağını qabaqcadan xəbər vermişdir. Ondan onların kim olması barədə soruşduqda, “Onlar mənim və səhabələrimin olduğu yol ilə gedənlərdir”– demişdir. (Əhməd)
İslamdakı cərəyanlar və təriqətlər isə yalnız Uca Allahın kamil və tamamlanmış dininə yeniliklərin gətirilməsi səbəbindən meydana çıxıb, halbuki, İslam özünün ilkin halında olduğu kimi etiqad edilməlidir.
Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim”. (“Maidə” surəsi, 3-cü ayə)Buna görə, məhz bəzi müsəlmanların əsl İslama gətirdiyi yeniliklər müsəlmanların bir hissəsinin ilkin İslama etiqad etməyi tərk etmələrinə xidmət etdi. Müsəlmanlar dərk etməlidir ki, onlar Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və onun şanlı səhabələrinin etiqad etdiyi həqiqi İslama dönmədikcə heç vaxt öz fikir ayrılıqlarını tərk edə və birləşə bilməyəcəklər.
Uca Allahdan bütün müsəlmanları haqq üzərində birləşdirməsini diləyirik! Amin!