Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə Prezidenti: “İslam dünyası müsəlman ölkələrində baş verən hadisələrdən utanır”

İyul 21
12:16 2014

Trend Türkiyənin “Haber7” telekanalına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Abdullah Gül müsəlman ölkələrində baş verən hadisələrlə bağlı təəssüfünü ifadə edib. “İslam dünyası müsəlman ölkələrində baş verən hadisələrdən utanır, çünki məhz bu ölkələrdə müsəlmanlar bir-birilərini öldürürlər”, – Prezident bəyan edib.

Dövlət başçısı müsəlman ölkələrinin öz ərazilərində mövcud olan münaqişələri həll etmək üçün addım atmadıqlarına görə təəssüflədiyini deyib.

Gülün sözlərinə görə, hazırda müsəlman dövlətlərində baş verənlər əslində həqiqi islamdan çox uzaqdır: “Müsəlman ölkələri öz səhvlərini dərk etməli və onları düzəltməlidirlər”.

Prezident onu da bildirib ki, İslam sülh dinidir və terrorla heç bir əlaqəsi yoxdur.

 Sələf Xəbər: Uca Allah buyurur: “Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini (yerinə yetirməyə)qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir.” (Müqəddəs Quran, “Hucurat” surəsi, 9-cu ayə).

“Uca Allah möminlərə bir-biri ilə vuruşmağı və öz qardaşlarına qarşı güc tətbiq etməyi qadağan etmişdir. Əgər buna baxmayaraq möminlər arasında döyüş başlayarsa, onda düşmənçilik edən tərəflərə aidiyyəti olmayan möminlər bu böyük bəlanı dayandırmağa və müsəlmanları barışdırmağa borcludurlar. Onlar öz vasitəçilik vəzifələrini ən yüksək səviyyədə yerinə yetirməlidirlər ki, qardaşlar arasında əmin-amanlıq bərqərar olsun. Onlar sülhə və razılaşmaya nail ola bilsələr, bu çox gözəl olar. Əgər tərəflərdən biri digərinə qarşı zülm etsə, onda müsəlmanlar ədalətsizlik edənlərə qarşı, onlar Allahın və Onun Elçisinin (Allahın ona salavat və salamı olsun) hökmlərinə tabe olanadək və yaxşılıq etməyə razılaşanadək, zülmün qarşısını almalıdırlar, çünki qan tökülməsi və zorakılıq zülmün ən böyük təzahürüdür.

Müsəlmanlara əmr olunmuşdur ki, belə hallarda ədalətli şərtlərlə sülh əldə edilməsinə kömək göstərsinlər. Düşmənləri ədalətsizcəsinə də barışdırmaq olar və bu zaman tərəflərdən birinin haqqına etinasızlıq edilir və o pozulur, lakin Qüdrətli Allah möminlərə belə müqavilələr bağlamağı qadağan edir. Buna görə, tərəflərdən heç biri, Allahın əmrini pozmasın deyə, öz qohum-əqrəbasının və ya öz tayfasının mənafelərini ədalət prinsiplərindən üstün tutmamalıdır. Ey möminlər! Qərar qəbul edəndə və ya hökm çıxaranda qərəzli olmayın! Həm də öz zövcələrinizə və övladlarınıza ədalətlə yanaşın!

Bir səhih hədisdə rəvayət edilir ki, Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) demişdir: “Qərəzli olmayan hakimlər Allahın qarşısında nurdan olan kürsüdə əyləşəcəklər. Onlar – ədalətli qərarlar qəbul edənlər, öz ailələrinə və tabeliyində olanlara ədalətlə yanaşanlardır”. (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər