Türkiyə prezidentindən dünyaya mesaj
1. 389 dəfə baxılıb
“Avropanın bir ölkəsində terror aksiyası olanda bütün dünya ayağa qalxır. Türkiyənin Ankarasında, İstanbulunda, Qaziantepində, Suruçunda olduğu zaman dünya niyə seyr edir?!”
“İndi Suriyanın dövlət başçısı Bəşər Əsədin yanında Rusiya, İran var. Birlikdə insanları öldürürlər”.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, heç kimin İslamın adını terrorla yan-yana çəkə bilməyəcəyini deyib. “İŞİD terror xəvaric qruplaşmasının İslam ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Bu, İslam düşməni bir təşkilatdır”.
Santyaqoda BMT-nin Latın Amerikası və Karib dənizi iqtisadi komissiyasının konfransına qatılan Türkiyə prezidenti dünyaya mesajlar verib.
“Heç bir ölkə problemlər qarşısında “mənə toxunmayan ilan min il yaşasın” prinsipi ilə yaşaya bilməz. Həll yolları axtarmaq hər bir ölkənin əxlaqi və vicdani məsələsidir”.
Ərdoğan deyib ki, Türkiyənin olduğu bölgə münaqişənin yol açdığı faciənin ən çox hiss edildiyi yerdir. Onun sözlərinə görə, problemlərin həllinə çalışmaq matç izləməyə bənzəmir və ölkəsi bir tərəfdən problemləri aradan qaldırmağa çalışır, digər tərəfdən isə sınaqlarla mübarizə aparır.
“Suriya böhranı ağırlaşır, Əsəd bəşəri cinayət törədir. Bu böhran ciddi bir qaçqın problemini də özü ilə gətirib. Əvvəl hadisələri kənardan izləyən Avropa ölkələri bu gün bu problemi ən yaxından hiss edir. İndi bağırırlar ki, “bizə gəlməsinlər”. Onda bəs 2,5 milyon insanın sığındığı Türkiyə nə etsin?
Avropanın bir ölkəsində terror aksiyası olanda bütün dünya ayağa qalxır. Türkiyənin Ankarasında, İstanbulunda, Qaziantepində, Suruçunda olduğu zaman dünya niyə seyr edir?! Terrorun biri yaxşı, o biri pisdir demək olmaz”.
O deyib ki, Türkiyə əsla öz sərhədlərini həyatını qurtarmaq üçün gələn insanlara bağlayan bir anlayışı qəbul edə bilməz. Ümumiyyətlə, alınan təhlükəsizlik tədbirləri qaçqınların qarşısını almağa yetmir. “Almaniya, Fransa, Hollandiya, Belçika bizdən daha yoxsuldur?! Onlar qapılarını qapadır, biz isə açırıq”.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımıza Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın dediyi kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” surəsi, 5-ci ayə)