Türkiyə-Suriya sərhədi xüsusi təhlükəsizlik bölgəsi elan edilib
666 dəfə baxılıb
Ada bölgəsinin 13-27 may 2016-cı il tarixlərində xüsusi təhlükəsizlik bölgəsi elan edilməsinə qərar verilib. Xüsusi təhlükəsizlik bölgəsi elan edilən yerlərdə hər cür vasitə və insanların giriş-çıxışına nəzarət ediləcək.
Türkiyənin Suriya ilə sərhədində təhlükəsizlik tədbirlərini gücləndirmək, vətəndaşların can və mal təhlükəsizliyini təmin etmək məqsədi ilə, Fırat çayı üzərindəki Ada bölgəsi 15 gün müddətinə xüsusi təhlükəsizlik bölgəsi elan edilib.
“Sələf Xəbər” Sputnik-ə istinadən xəbər verir ki, bu açıqlama Gaziantep Valiliyindən gəlib.
Açıqlamada deyilir ki, sözügedən təhlükəsizlik amili nəzərə alınaraq, Ada bölgəsinin 13-27 may 2016-cı il tarixlərində xüsusi təhlükəsizlik bölgəsi elan edilməsinə qərar verilib: “Xüsusi təhlükəsizlik bölgəsi elan edilən yerlərdə hər cür vasitə və insanların giriş-çıxışına nəzarət ediləcək, lazım olan təhlükəsizlik tədbirləri görüləcək”.
Məsələ ilə əlaqədar Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri Mehmet Fatih Öztarsu Sputnik-ə açıqlamasında deyib ki, xüsusi təhlükəsizlik bölgəsinin elan edilməsi təhlükəsizlik qüvvələrinin manevr sahəsini rahatlaşdıracaq. Onun sözlərinə görə, çox uzun zamandır bölgə bir-biri ilə əlaqəli və bir-birindən müstəqil terrorçu qüvvələr tərəfindən basqına uğrayır.
“Yaxın zamanda yenə eyni bölgədə Türkiyə tərəfinə düşən raketlər Türkiyə ictimaiyyətində böyük narahatlıq oyandırdı. Suriyadakı qeyri-sabitlik Türkiyəni təhdid edir”, — deyə ekspert bildirib.
Öztarsunun sözlərinə görə, təhlükəsizlik qüvvələrinin indiyə qədər yaşadığı itkilər bir zəiflik olaraq qəbul edilməyə başlayıb: “Ona görə də vətəndaşların zərər görməməsi üçün müxtəlif tədbirlər görülə bilər”.
Ekspert onu da əlavə edib ki, xüsusi təhlükəsizlik bölgəsi elan edilməsi fövqəladə vəziyyət demək deyil: “Bunu təhlükəsizlik güclərinin həm bölgədə daha rahat hərəkət edə bilməsi, həm də vətəndaşların hər hansı bir zərərə məruz qalmaması üçün verilən bir tədbir qərarı olaraq görmək lazımdır. Valiliyin verdiyi açıqlamada da əvvəlcə vətəndaşların qorunması məqsədilə bu qərarın verildiyi bildirilir”.
Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)
“Qorxu halında olan insanlar yemək-içməyin ləzzətini hiss etmirlər. Qorxu səbəbi ilə ərzağın bir ölkədən o biri ölkəyə daşındığı yollar bağlanır, odur ki, Uca Allah da yollarda qarət və soyğunçuluğa görə şiddətli cəza müəyyən etmişdir. Bilmək lazımdır ki, İslam din, həyat, ağıl, namusun qorunub saxlanılması üçün gəlmişdir. Bunlardan hər hansı birinə qəsd edən kəs, bunun müsəlmana və ya qeyri-müsəlmana qarşı etməsindən asılı olmayaraq, şiddətli cəza görür. İslam qaydalarına müvafiq olaraq, müsəlmana qarşı münasibətdə qadağan olunmuş hərəkətlər, müsəlmanlarla müqaviləsi olan qeyri-müsəlmana qarşı da qadağandır. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Hər kim (müsəlmanlarla müqavilə altında olan) bir qeyri-müsəlmanı öldürərsə, o kəs cənnətin iyini hiss etməyəcəkdir”.
Təhlükəsizliyi pozanlara gəldikdə isə, bunlar xəvariclər, ya yollardakı quldurlar və ya qiyamçılardır. İslama uyğun olaraq, bu üç qrupun hamısına qarşı şiddətli tədbirlər görülməlidir”. (Bax: “Fataua əş-şariyyə fi qadaəyy əl-asriyya”, 125)