Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə-Suriya sərhədinə divar çəkiləcək

İyun 27
15:11 2015

İŞİD terror xəvaric qruplaşması silahlılarının və qaçaqmalçıların qarşısnı almaq üçün 911 kilometr uzunluğunda sərhəd boyu əraziyə 3,5 metr hündürlükdə divar çəkiləcək.

Türkiyə-Suriya sərhədində mühafizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq, şəxsiyyəti bilinməyən və bəzi terror təşkilatlarının üzvü olduğu ehtimal edilən şəxslərin sərhədi qeyri-qanuni şəkildə keçmələri barədə əldə edilən kəşfiyyat məlumatları Türkiyə Daxili İşlər Nazirliyini hərəkətə keçirib. Xüsusilə, İŞİD terror xəvaric qruplaşması silahlılarının və qaçaqmalçıların qarşısnı almaq üçün ciddi tədbirlərin görülməsinə başlanılıb.

“Sələf Xəbər”in “A24.az”-a istinadən xəbərinə görə, sərhəddə mühafizə tədbirlərinin gücləndirilməsi bu ölkənin Daxili İşlər Nazirliyi tərəfindən müzakirə edilib və təhlükəsizliyin daha da gücləndirilməsi məqsədilə qərar qəbul edilib.

Məlumatda bildirilir ki, hələ may ayında Türkiyə hökuməti Hatay, Qaziantep, Kilis və Şanlıurfa valiliklərinin hər birinə 5 milyon lirə vəsait ayırıb. Valiliklərə ayrılan ümumilikdə 20 milyon lirə hesabına sərhəd boyunca təhlükəsizlik qurşağı yaradılmalıdır. Hökumətin qərarının icrasının təmin edilməsi üçün adı çəkilən 4 bölgənin valisi Hatayda bir araya gəlib.

Valilərin birgə qərarına görə, sərhəddə təhlükəsizlik qurşağı üç mərhəldə həyata keçiriləcək. Layihəyə görə, 911 kilometrlik sərhəddə bir-birinə keçməli şəkildə və 3,5 metr hündürlükdə beton divarlar yerləşdiriləcək. Başqa yerlərə də daşınmasını asanlaşdırmaq məqsədi ilə beton bloklar parça şəklində töküləcək. Yəni ehtiyac olduğu təqdirdə həmin divarları söküb digər bir yerə daşımaq mümkün olacaq.

Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim Peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)

Qorxu halında olan insanlar yemək-içməyin ləzzətini hiss etmirlər. Qorxu səbəbi ilə ərzağın bir ölkədən o biri ölkəyə daşındığı yollar bağlanır, odur ki, Uca Allah da yollarda qarət və soyğunçuluğa görə şiddətli cəza müəyyən etmişdir. Bilmək lazımdır ki, İslam din, həyat, ağıl, namusun qorunub saxlanılması üçün gəlmişdir. Bunlardan hər hansı birinə qəsd edən kəs, bunun müsəlmana və ya qeyri-müsəlmana qarşı etməsindən asılı olmayaraq, şiddətli cəza görür. Təhlükəsizliyi pozanlara gəldikdə isə, bunlar ya xəvariclər, ya yollardakı quldurlar və ya da qiyamçılardır. İslama uyğun olaraq, bu üç qrupun hamısına qarşı şiddətli tədbirlər görülməlidir. (Bax: “Fataua əş-şariyyə fi kadayyə əl-asriyya”, 125)

Digər xəbərlər