Türkiyə terror hücumlarından qorunmaq üçün beton divar tikir
683 dəfə baxılıb
Türkiyə terror hücumlarından qorunmaq üçün Suriya ilə sərhədə beton divar çəkməkdə davam edir.
“Sələf Xəbər”in AzNews.az-a istinadən məlumatına görə, Türkiyə İŞİD terror xəvaric qruplaşmasının nəzarətində olan ərazilərlə sərhədini beton divarla səddə alacaq.
Bu maneə bu ərazilərdən İŞİD terror xəvaric qruplaşmasının və digər terror təşkilatlarının Türkiyəyə keçmənin qarşısını alacaq. Beton bloklardan ibarət sədd Suriya ilə həmsərhəd olan Kilis və Qaziantep əyalətlərində tikilir. Uzunluğu 82 kilometr olan səddin hündürlüyü 4 metr olacaq.Türkiyənin rəsmi hökumət nümayəndəsi bu informasiyanı şərh etməkdən imtina edib.
Avqustun ortalarında Suriya ilə həmsərhəd olan digər bir türk şəhəri Reyhanlıda da beton maneənin tikintisinə başlanılıb. Hatay vilayətinin Reyhanlı ərazisində inşa olunan səddin artıq xeyli hissəsi çəkilib. Səddin eni 2 metr, hündürlüyü isə 3 metrdir. Beton sədd sərhəd boyunca 8 km ərazini əhatə edəcək. Yerli rəhbərlik işlərin qısa müddətdə tamamlanacağını bildirib.
Bundan əlavə Türkiyə Silahlı Qüvvələri İŞİD və digər terror təşkilatlarının Suriya ilə sərhəddən Türkiyə ərazisinə keçməyinə qarşı 2 milyard lirəlik mühafizə layihəsi hazırlayıb. Bu layihədə beton divar, gözətçi qüllələri, bütün sərhəd boyu avtomobillərlə nəzarət üçün asfalt yol, gücləndirilmiş qəfəs telləri, projektorlar, pilotsuz təyyarələrlə havadan, zirehli maşınlarla isə qurudan nəzarət olunması nəzərdə tutulur.
Həmçinin Türkiyə Daxili İşlər Nazirliyi Suriya sərhədində təhlükəsiz ərazi yaratmaq məqsədi sərhəddəki valiliklərə 20 milyon lirəlik vəsait göndərib. Hatay, Gaziantep, Kilis və Şanlıurfa əyalətləri “təhlükəsizlik divarı” üçün ortaq layihə hazırlayıblar. Layihəyə görə, Türkiyə ilə Suriya arasında olan 911 kilometrlik sərhədə beton divarlar yerləşdiriləcək. Eyni zamanda, divarın Türkiyə hissəsində əlavə olaraq yüksək tel hasar da çəkiləcək. Təhlükəsizlik tədbirlərini izləmək üçün sərhəddə işıqlandırma və kamera sistemi quraşdırılacaq. Bu istinad divarı ABŞ-ın Meksika sərhədinə çəkdiyi divara bənzər şəkildə inşa ediləcək.
Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)