Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə iğtişaşlar nəticəsində 15 nəfər ölüb

Oktyabr 08
16:19 2014

APA-nın “HaberTürk”ə istinadən verdiyi xəbərə görə, Türkiyənin bir neçə şəhərlərində baş vermiş iğtişaşlar zamanı 15 nəfər ölüb.

Ölkənin 6 əyalətində oktyabrın 8-dən komendant saatı elan edilib. Komendant saatı Diyarbakır, Mardin, Siirt, Muş, Van və Batman əyalətində tətbiq edilib. Məhz bu bölgələrdə etirazlar və iğtişaşlar daha geniş vüsət alıb. Etirazçılar mağazalara və bələdiyyə əmlakına ciddi zərər vurur, polis əməkdaşlarını daş-qalaq edir. Etirazçılar həmçinin yandırıcı maye ilə doldurulmuş şüşə qablarından istifadə edərək bina və obyektlərə, avtomobillərə od vurur.

Etiraz aksiyalarında, əsasən, yerli kürdlər, kürdyönümlü partiyaların və PKK-nın tərəfdarları iştirak edirlər. Suriyanın Kobani şəhəri ətrafında yaranmış vəziyyətin iğtişaşlara əsas səbəb olduğu bildirilir. Qeyd edək
ki, bu şəhərdə İŞİD terror xəvaric qruplaşmasının qüvvələri və kürd özünümüdafiə dəstələri arasında hazırda şiddətli döyüşlər davam etməkdədir və etirazçılar rəsmi Ankaranın münaqişəyə müdaxilə etməmək və gözləmə siyasətinə üstünlük verməsinə qarşı çıxış edirlər.

Toqquşmaların etirazçılar və polis qüvvələri, həmçinin müxtəlif kürd təşkilatlarının tərəfdarları arasında da baş verdiyi qeyd olunur. İğtişaşlar zamanı ölənlərin hamısı izdihamın arasında olan silahlı şəxslər tərəfindən güllələnib, yaxud da toqquşmalar zamanı bıçaq və digər xəsarətlər səbəbindən ölüblər. Onlarla insanın xəstəxanalarda ağır vəziyyətdə olduğu bildirilir.

DİN-in bəyanatında Kobani ilə bağlı şayiələr yayaraq əhalini iğtişaşlara təhrik edən təxribatçılara qarşı sərt tədbirlər görüləcəyini qeyd edib. İstanbul və Ankara da daxil olmaqla, bir neçə əyalətdə asayiş keşikçilərinə Qurban bayramı ilə əlaqədar verilmiş 5 günlük istirahət və məzuniyyətlər ləğv olunub.

Polis etirazçılara qarşı gözyaşardıcı qaz, su şırnağı, bəzi hallarda isə rezin güllələrdən istifadə edir.

Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb dövlətlərinin Suriyaya və İraqa müdaxilə etməmək siyasətini kəskin tənqid edib.

Qaziantep şəhəri yaxınlığındakı “İslahiyyə” düşərgəsində Suriya qaçqınları qarşısında çıxışı zamanı Ərdoğan qeyd edib ki, quru əməliyyat olmadan endirilən hava zərbələri “İŞİD” qüvvələrinin irəliləməsinin qarşısını ala bilməyəcək.

“Tək hava zərbələri ilə terroru aradan qaldırmaq mümkün deyil. Quru əməliyyatın aparılması üçün əməkdaşlıq gərəkdir”.

Ərdoğanın sözlərinə görə, Suriyadakı böhranın aradan qaldırılması üçün uçuşsuz zona və təhlükəsizlik-bufer zonaları elan etmək lazımdır, həmçinin, qeyri-radikal müxalifət qüvvələrinin dəstəklənməsi gərəkdir.

 Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə).

Orta əsrlərin böyük islam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir, və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir, və məhz buna görə Uca Allah bunu qadağan etmişdir.”

Beləliklə bu gənc ekstremist-xəvariclər güman edirlər ki, fəsad törədərək, onlar bununla sanki yer üzündə nizam qururlar. Belə ki, Uca Allah belə cinayətkarları Quranda belə yada salır: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə).

Uca Allahdan bütövlükdə müsəlman ümmətini, və, xüsusilə, bizim ölkəmizi, bütün ekstremistlərin şərindən qorumasını istəyirik. Amin!

Digər xəbərlər