Türkiyədə keçirilən parlament seçkilərində AKP qələbə qazanıb
696 dəfə baxılıb
Türkiyədə noyabrın 1-də keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.
“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, Türkiyə bürosunun məlumatına görə, ölkə daxilində 54 milyon, xaricdə isə 3 milyon vətəndaşın səs verməyə haqqı olan seçkidə seçicilərin, təxminən 84%-i iştirak edib. Səsvermənin rəsmi olmayan ilk nəticələrinə görə, Ədalət və İnkişaf Partiyası (AKP) legitim səslərin 49,4%-ni alaraq seçkidən birinci yerdə çıxıb.
Bu reytinq AKP-nin məclisdə 316 mandat qazanmasına səbəb olub ki, heç bir ictimai rəy sorğusu şirkəti AKP-nin bu qədər səs ala biləcəyini əvvəlcədən təxmin etməyib. Seçkini 25,4% səslə ikinci yerdə tamamlayan Cümhuriyyət Xalq Partiyası (CHP) məclisdə 134 millət vəkili ilə təmsil edəcək. 7 iyundakı seçkidə də təxminən eyni dərəcədə səs almış CHP məclisdə 132 millət vəkili ilə təmsil edilirdi. 7 iyundakı seçki ilə müqayisədə 4% səs itirərək 12% səs alan Milliyyətçi Hərəkat Partiyası (MHP) məclisdə 41 kresloya sahib olacaq. 10%-lik ölkə baryerini xaricdən gələn səslərin hesabına 0.5% fərqlə keçə bilən kürd təmayüllü Halkların Demokratiya Partiyası (HDP) isə məclisə 59 millət vəkili ilə daxil olub. Bu nəticələrə görə, seçkinin qəti qalibi AKP, ən çox reytinq itirən siyasi qurumları isə MHP və HDP olublar. Faiz etibarı ilə HDP-dən daha yüksək reytinq alan MHP-nin daha az mandata sahib olması isə ölkənin seçki sistemindəki 10%-lik baryerdən irəli gəlib. Belə ki, ölkənin Cənubi-Şərq bölgələrindən daha çox səs alan HDP-nin reytinqi o bölgələrdən daha çox mandat qazanmasını şərtləndirsə də, MHP-nin İstanbul kimi böyük şəhərlərdə qazandığı reytinq bu partiyanın daha çox mandat qazanmasına kifayət etməyib. Seçkinin gedişini ana vətəni Konyada izləyən AKP lideri Əhməd Davudoğlu ilk qeyri-rəsmi nəticələrin açıqlanmasından sonra partiya üzvlərinə və tərəfdarlarına müraciət edərək onlara minnətdarlığını bildirib. 2019-cu ildəki seçkiyə qədər ölkəyə xidmətə davam edəcəklərini xatırladan AKP lideri Davudoğlu “İnşallah, Allah-Təala axirətdə də sizlərlə qonşu olmağı mənə qismət edər”- deyib.
Sələf Xəbər: Uca Allah buyurur: “De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan, istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 26-cı ayə)