Türkiyədə yerin altında qalmış 18 mədənçinin sağ qalacağına ümid azalır
776 dəfə baxılıb
“Sələf Xəbər” BBC Azərbaycanca-ya istinadən xəbər verir ki, Türkiyənin cənubunda mədən qəzası nəticəsində yerin altında qalmış 18 işçinin sağ qalacağına ümidlər azalmaqdadır.
Mədən quyusunda işlər aparılan zaman oranı su basıb. Nəticədə Karaman vilayətində Ermenek mədənində qəza vəziyyəti yaranıb. 20-dən çox işçi xilas edilib, Karaman vilayətinin qubernatoru Murat Koca deyib.
Lakin 18 mədənçi 300 metr dərinlikdə yerin altında qalıb. Xilasedicilər nasoslar vasitəsilə su basmış quyunu qurutmağa səy göstərirlər. Mədən rəsmisinin Türkiyə mediasına bildirdiyinə görə, mədənin içində qalan işçilər təhlükəsizlik bəndinə çata bilməsələr, onların sağ qalmaq ehtimalı da azalır.
Şahin Uyar həmçinin deyib ki, xilasetmə işçiləri hələ mədənçilərlə əlaqə qura bilməyib.
Hadisə Türkiyənin ən dəhşətli mədən qəzası sayılan Soma qəzasından 6 aydan da az vaxt keçdikdən sonra baş verib. Bu il Somada mədəndə baş vermiş partlayış və yanğın nəticəsində 301 şaxtaçı həlak olmuşdu.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəza vəziyyətinə düşmüş mədənə baş çəkmək üçün Respublika Günü ilə bağlı tədbiri təxirə salıb. Son hadisə Türkiyə mədənlərində təhlükəsizliyin nə dərəcədə etibarlı olduğu məsələsini yenidən diqqət mərkəzinə çəkib.
Sələf Xəbər: Dünya həyatı sınaqdan başqa bir şey deyildir. Uca Allah buyurur: “Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.” (Müqəddəs Quran, “Mülk” surəsi, 2-ci ayə).
Uca Allahdan müsəlmanlara kömək etməyini diləyirik! Amin!