Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədən dünyaya Quran hədiyyəsi

İyul 06
18:12 2015

Türkiyə dünyaya 1 milyon Qurani-Kərim hədiyyə edəcək.

“Sələf Xəbər”in Türkiyə mediasına istinadən xəbərinə görə, Türkiyə Dəyanət Vəqfi (TDV ) və Dəyanət İşləri İdarəsi “Hədiyyəm Quran Olsun” layihəsi çərçivəsində Türkiyə və xaricdə yaşayan 1 milyon adama Qurani-Kərim hədiyyə edəcək.

TDV müdiri İsmail Palakoğlu Dəyanət İşləri İdarəsi ilə fəaliyyət sahələrini Balkanlardan Qafqaza, Türk dövlətlərindən Uzaq Şərqə, Latın Amerikası və Afrika ölkələrinə qədər genişləndirdiklərini bildirib. Bu ölkələrdəki bəzi bölgələrdə Qurani-Kərimin sayının az olduğunu izah edən Palakoğlunun sözlərinə görə, hafizlik edənlərin ayələri qum və taxta parçalarına yazaraq əzbərləmələri onları çox kədərləndirib.

Palakoğlu bildirib ki, son zamanlarda həm ölkə daxilində, həm də ölkə xaricində Qurana olduqca ehtiyac var. Buna görə də həm Türkiyədən kənarda, həm də ölkədə məktəblərə, xəstəxanalara, həbsxanalara, Quran kurslarına, hafizliyi öyrənən şagird və yoxsullara Qurani-Kərimin həm orijinalını, həm də təfsirini paylamaq istiqamətində belə bir kampaniyanın təşkil olunması əhəmiyyətlidir.

Dəyanət İşləri İdarəsi ilə əməkdaşlıq göstərən TDV müdiri Qurani-Kərimi geniş kütlələrə çatdırmaq, onu oxumaq, anlamaq məqsədilə “Hədiyyəm Quran Olsun” layihəsini artıq başlatdıqlarını bildirib. Onun sözlərinə görə, ölkə daxilində və xaricində ilk növbədə ehtiyac olan yerlərə 1 milyon Qurani-Kərim çatdırmaq niyyətindədirlər.

Palakoğlu onu da qeyd edib ki, İngilis, Rus, Fransız, İspan dillərində tərcüməsi olan Qurani-Kərimin irəliləyən mərhələlərdə gələn tələblər əsasında digər dillərə də tərcümə olunması düşünülür.

Maddi dəstək isə TDV üzərindən açılan bank hesabları və SMS vasitəsilə alınan yardımlarla təmin ediləcək.

Sələf Xəbər: Uca Allah buyurur: “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını )artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 261-ci ayə)

“Uca Allah qullarını öz mallarını Allah yolunda xərcləməyi və bu yolla gedərək Ona yaxınlaşmağa çağırır. Bu o deməkdir ki, möminlər öz mallarını faydalı biliklərin yayılmasına, müsəlmanların xeyrinə olan istənilən xeyriyyə layihələrinin həyata keçirilməsinə sərf etməlidirlər. Buraya habelə, ehtiyacı olanların, kasıbların və imkansızların xeyrinə ayrılan ianələr və sədəqələr da daxildir.
Belə ianələr və sədəqələr iki qat xeyir verir, axı onlar nəinki, ehtiyacı olanların ehtiyacdan xilas olmasına səbəb olur, həm də ardıcıl olaraq yaxşı əməllər yerinə yetirilməsinə və Allahı məmnun edən işlərin görülməsinə səbəb olur. Onlara görə mükafat isə, yeddi yüz dəfə və daha çox artırıla bilər. Məhz buna görə Allah deyir ki, O, istədiyi adama, onun qəlbində möhkəmlənmiş imanından, niyyətinin paklığından və sədəqələrinin verdiyi xeyirdən asılı olaraq, mükafatını artırır. Bir sıra yaxşı məqsədlərə yönəldilmiş sədəqələr uzun müddət bəhrə verir və onlardan gələn fayda müxtəlif olduğu halda, Allahın mükafatı həmişə edilən yaxşı əməlin növünə uyğun gəlir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər