Türkmənistanda siqaretin satışına qadağa qoyuldu
798 dəfə baxılıb
Türkmənistanda tütün məmulatlarının satışı ilə mübarizə çərçivəsində dövlət səviyyəsində aparılan kampaniyadan sonra siqaretlər satışdan yığışdırılıb.
“Sələf Xəbər” Lent.az-a istinadən xəbər verir ki, bu barədə yerli “Türkmənistan xronikası” nəşri yazıb.
Məlumata görə, paytaxt Aşqabadda sağlam cəmiyyətin mühafizəsi üzrə xidmətin əməkdaşları satış obyektlərində yoxlama aparıblar və sahibkarları tütün məmulatları satışına görə on minimal əmək haqqı qismində (1700 dollar) cərimə ediləcəkləri ilə hədələyiblər.
Nəşr yazır ki, bundan sonra satıcılar siqareti gizli və yalnız tanışlarına satmağa başlayıblar. Bununla belə siqaretin qiyməti 1,5–2 dəfə artıb.
Yanvarın 5-də hökumətin iclası zamanı prezident Qurbanqulı Berdiməhəmmədov sağlam cəmiyyətin təhlükəsizliyi mühafizəsi xidmətinin işini tənqid edib və siqaret çəkməklə sərt mübarizə aparmağa çağırıb.
Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir, insana yalnız xeyir verən şeyləri əmr edir və ona ziyan vuran şeyləri isə qadağan edir. Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.
Siqaret və qəlyan da həmçinin bu kateqoriyaya daxildir. Məlumdur ki, siqaretçəkən öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verir. Həmçinin, siqaretçəkəndə siqaretlərdən asılılıq əmələ gəlir və o müntəzəm olaraq siqaret və ya qəlyan almağa pul xərcləməyə məcbur olur (məlumdur ki, ayrı-ayrı restoranlarda qəlyanın qiyməti 100 dollara, və ya ondan da baha başa gəlir), bu da başqa günaha – israfçılığa səbəb olur.
XX əsrin görkəmli İslam alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin), İslamda siqaret çəkmə barəsində rəyi soruşduqda, şeyx belə cavab verib: “Siqaret çəkmək İslamda qadağandır. Uca Allahının sözləri buna dəlildir: “Öz-özünüzü məhv etməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 195-ci ayə), “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 5-ci ayə) Peyğəmbər (Allahın ona salavat və salam olsun həmçinin) israfçılığı da qadağan edib.Tibb sübut edir ki, siqaret çəkmə sağlamlığa ziyan vurur və hətta siqaretçəkənin ölümünə səbəb ola bilər. Bu siqaret aludəçiliyi çəkənin intiharına aparır, beləliklə o özünü həlaka məhkum edir. Həmçinin siqaret çəkən öz əmlakını zay edir, çünki öz pulunu Allah ona bu pulu nəsib etdiyi məqsədlər üçün xərcləmir. Axı Allah bu pulu onun dolanışığı üçün vasitə edib ki, bu pullar onun həyatına və onun dininə xeyir gətirəcək şeylər üçün xərclənsin. Siqaret isə nə onun gündəlik həyatı, nə də dini üçün heç bir fayda vermir. Beləliklə, siqaret almağa pul xərcləmək israfçılıqdır ki, bunu da Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qadağan etmişdir”. (Məcmu fətava va rəsaail şeyx Məhəmməd Saleh əl-Useymin.)