Yəhudi yazar: “İslamofobiya ABŞ-da şüurlu şəkildə dövlət siyasəti olaraq aparılır”
701 dəfə baxılıb
“Bu gün ABŞ və Avropada şüurlu şəkildə müsəlmanlara qarşı irqi ayrı-seçkilik edilir”.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə yəhudi əsilli türk jurnalist və yazar Roni Marqulies çıxış edib. O, Qərb dövlətlərinin öz təcavüzkarlıqlarını ört-basdır etmək üçün müsəlmanlara qarşı məqsədli şəkildə islamofobiya siyasətini ortaya atdıqlarını bildirib:
“Qərbdə islamofobiya 11 sentyabr hadisələrindən sonra ortaya çıxdı. Xüsusilə, Corc Buşun prezident olduğu dövrdə ABŞ-da və Avropada dövlətlərin əli ilə islamofobiya gücləndirildi. İslamofobiya siyasətinin konkret səbəbləri vardı. Çünki ABŞ bir tərəfdən İraqı, bir tərəfdən də Əfqanıstanı işğal edirdi. Yaxın Şərqdə isə etdiklərinin sayı-hesabı yox idi. O zaman bütün bu əməlləri islamofobiya vasitəsilə qanuniləşdirdilər”.
Roni Marqulies islamofobiyanın yüksəlməsində dövlətlərin də xüsusi rolunun olduğunu bildirib:
“Avropa dövlətləri islamofobiya ilə mübarizə aparırlarmış kimi görünürlər. Çünki demokratik dövlət olduqlarını iddia edirlər. Əgər açıq-aşkar irqçilik edilsəydi, bu, xoş qarşılanmazdı. Xüsusilə, islamofobiya ABŞ-da şüurlu şəkildə dövlət siyasəti olaraq aparılır və müsəlmanlara qarşı mütəşəkkil ayrı-seçkilik tətbiq olunur. Bu gün ABŞ-a girmək üçün Yaxın Şərqdən olan bir müsəlman viza ala bilmir. Bunların hamısı dövlət siyasətidir. ABŞ bir tərəfdən irqçiliyə qarşı olduğunu göstərir, digər tərəfdən isə dövlətin əli ilə irqçilik təbliğ olunur”.
Roni Marqulies avropalıların “Şarli Hebdo” jurnalına təşkil edilən hücumda ölən 5 nəfər üçün küçələrə axışdığını, Yaxın Şərqdə isə dəqiqədə beş adamın ölməsinə baxmayaraq, səssiz qaldıqlarını bildirib.
Sələf Xəbər: Təəssüf ki, “söz azadlığı” prinsipinə əsaslanaraq, Qərbdəki bir çox hökumətlər İslama və müsəlmanlara münasibətdə nifrətin və təhqirlərin yayılmasına mane olmur. Lakin haqlı olaraq bir sual yaranır: niyə Qərb “söz azadlığı” prinsipini antisemitizmin təzahürlərinə dair tətbiq etmir? Axı, məlumdur ki, antisemitizm və Xolokostun inkar edilməsi bir çox Qərb ölkəsində təqib edilən cinayətkar fəaliyyət hesab olunur.
Beləliklə, “söz azadlığı” prinsipinin mövcudluğuna baxmayaraq, bu ölkələrin qanunları sayı bütün dünya üzrə 15 milyonu keçməyən dini icmanı müdafiə edir və onları təhqir edən və hissiyyatlarına toxunanları cəzalandırır. Bəs, niyə milyard yarımdan artıq olan müsəlman icmasının təhqir edilməsi haqqında söhbət getdikdə, dərhal “söz azadlığı” prinsipi yada düşür? Məgər bu ədalətdir?
Bizim dinimizə gəlincə isə, İslam antisemitizmi qadağan edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ərəbin qeyri-ərəb üzərində üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Necə ki, ağ dərili qaradərilidən, qaradərili isə ağ dərilidən üstün deyildir. Bir insanın o birilərindən üstünlüyü yalnız təqva ilədir!” (Əhməd)