Yeni müsəlmanlar üçün İslam mərkəzi açılacaq
876 dəfə baxılıb
“Sələf Xəbər” gulfnews.com-a istinadən xəbər verir ki, yeni müsəlmanların imanının və sayının artırılması məqsədilə Dubayın əl-Bərşa rayonunda İslam mərkəzi açılacaq.
İslam Məsələləri və Xeyriyyə Fəaliyyəti Departamentinin direktoru Doktor Həməd əl-Şeybani əl-Bərşada yerləşəcək Muhamməd bin Raşid İslam Mədəniyyəti Mərkəzinin binasına baş çəkib.
2012-ci ildə BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubayın əmiri Şeyx Muhamməd Bin Raşid əl-Məktum bir qrup yeni müsəlmanlarla görüşdükdən sonra, əl-Bərşada ayırdığı torpaq sahəsində layihəni həyata keçirməsi üçün departamentə təlimat verib.
Əl-Şeybani vurğulayıb ki, yerli və İslam mədəniyyətinin tanıdılması məqsədi daşıyan mərkəz, bütün vətəndaşlar və sakinlər üçün bir töhfədir və mərkəzin mədəni və ictimai fəaliyyətlər üçün zəruri olan bütün vəsaitləri departament tərəfindən təchiz olunacaq.
Mərkəz, Əmirlikləri və İslam mədəniyyətini, ənənələrini və dəyərlərini dünyaya tanıtmaq üçün tədbirlər və proqramlar təşkil edəcək. Sakinlərin və qonaqların ehtiyaclarının ödənilməsi məqsədilə mərkəzin işçi heyəti onlarla daim əlaqədə olacaq.
Mərkəz sinif otaqları, iclas zalları, auditoriya, kitabxana və ofislərdən ibarət olacaq. Əl-Şeybani, departamentin mədəni və sosial fəaliyyətləri və dinlərarası dialoq istiqamətində göstərdiyi davamlı dəstəyə görə Şeyx Muhammədə öz dərin təşəkkürünü bildirib.
Sələf Xəbər: Uca Allah buyurur: “(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.” (Müqəddəs Quran, “Nəhl” surəsi, 125-ci ayə).
“Ey Məhəmməd! Əgər sən insanları, ya istər müsəlman, ya da kafir olsun, Rəbbinin düz yolu ilə getməyə çağırırsansa, onda faydalı biliklərə və saleh əməllərə istinad et. Sənin təbliğatın ibrətamiz olmalıdır, çünki sən hər bir şəxslə onun vəziyyətini, eşitdiyini qavramaq qabiliyyətini və haqqa sözü və əməli ilə tabe olmaq hazırlığını nəzərə alaraq söhbət etməlisən.
Təbliğatının müdrikanə olması üçün qəti biliklərə yiyələnməyin tələb olunur və sən cahillərə bənzəməməlisən. İslama dəvəti insanların başa düşə biləcəyi və mənimsəyəcəyi ən mühüm məsələlərdən başlamalısan. İnsanlar mehribanlıqla və xeyirxahlıqla yanaşmalısan ki, onlar haqqı asanlıqla qəbul edə bilsinlər.” (Bax “Təfsir Əs-Saadi”).