Baldan düzgün istifadə edin
3. 124 dəfə baxılıb
Bal ən faydalı məhsullardan biridir. Bal müxtəlif faydalı maddələrlə olduqca zəngindir.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, balın tərkibində 60-dan çox müxtəlif faydalı maddələr (vitaminlər, minerallar, orqanik turşular, fermentlər və s.) var. Lakin balın faydalı xüsusiyyətlərindən yararlanmaq üçün onu düzgün qəbul etmək lazımdır.
1. İsti çayda və ya suda həll olunmuş bal orqanizmə nəinki xeyir gətirməz, hətta, bəzi mütəxəssislərin fikirinə görə, ziyan vura bilər. Balın tərkibində olan bir çox xeyirli maddələr (fitonsidlər, flavonoidlər, vitaminlər və s.) isti suda parçalanır. Bu səbəbdən balı ilıq, otaq temperaturunda olan suda həll etmək lazımdır.
2. Belə hesab olunur ki, balı tək qəbul etmək daha yaxşıdır (çörəyə, peçenyeyə və s. çəkəndə yox).
3. Gün ərzində 2-3 xörək qaşığı bal böyüklər üçün kifayətdir. Baldan fayda almaq üçün onu daim hər gün qəbul etmək lazımdır.
4. Uşaqlar gün ərzində 2-3 çay qaşığı bal yeyə bilər. Pediatrlar 1 yaşına kimi olan uşaqlara bal vermək tövsiyə etmir ki, bu allergiyaya səbəb ola bilər. Daha böyük yaşlı uşaqlara balı əvvəl az miqdarda suda həll edib verin və uşağın orqanizminin reaksiyasına nəzarət edin. Səpgilər, qaşınma əmələ gəldikdə həkimə müraciət edin.
5. Balı suda həll edib içəndə bu mədə-bağırsaq sisteminə müsbət təsir edir. Lakin mədə-bağırsaq sistemi xəstəliklərinin (qastrit, mədə və 12 barmaq bağırsağı xorası) kəskinləşməsi zamanı balı qəbul etmək olmaz.
6. Balı sovurmaq da olar. Bu ağız boşluğunda, boğazda olan iltihablar zamanı çox xeyirlidir. Lakin bundan sonra mütləq su içmək və ağız boşluğunu yaxşı yaxalamaq lazımdır ki, dişlərə ziyan vurulmasın.
7. Şəkərli diabet xəstələri üçün bal əks göstərişdir.
8. Balı səhər tezdən acqarına (yeməkdən 30 dəqiqə əvvəl) qəbul etmək yaxşıdır.
9. Axşam 1 çay qaşığı balı 1stəkan ilıq suda qarışdırıb için. Bu vasitə sakitlədirici təsir edir, yuxunu tənzimləyir.
10. Müxtəlif bal növləri müxtəlif xəstəliklər zamanı xeyirlidir. Belə ki, cökə balı soyuqdəymə xəstəlikləri zamanı xeyirlidir. Qarabaşaq balı qanazlığı, ürək-damar sistemi xəstəlikləri zamanı yaxşı təsir edir. Ən ətirli şabalıd balı isə mədə və böyrəklər üçün xeyirlidir.
11. Allergiyaya meyilli insanlar baldan ehtiyatla istifadə etməlidir – bal allergiyaya səbəb ola bilər.
Sələf Xəbər: Uca Allah buyurur: “Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 68,69-cu ayələr)
“Arılar – ən kiçik məxluqlardır ki, Allah onlara ən möcüzəli bir tərzdə doğru yol göstərir. O, onlara çiçək dolu çəmənliklərə uçub gəlməkdə və geriyə – Allahdan mənimsədikləri bilik və doğru təlim sayəsində abadlaşdırdıqları pətəklərinə yolu tapmaqda kömək edir. Arıların qarıncıqlarından müxtəlif rəngdə və çalarlarda, torpaq və çiçəklərdən asılı olan dadlı bal çıxır. Bu içki insanlara bir çox xəstəliklərdən şəfa verir. Bütün bunlar Uca Allahın Öz məxluqları barədə göstərdiyi qüsursuz qayğısının və Onun qullarına bəslədiyi kamil xeyirxahlığının dəlilləridir. Bu isə o deməkdir ki, qullar öz məhəbbətini tamamilə təkcə Ona həsr etməli və təkcə Ona kömək üçün dua etməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)