Bu qidalar müalicəsi olmayan xəstəliyin riskini azaldır
1. 160 dəfə baxılıb
Altsheymer xəstəliyi – baş beyinin, əsasən gicgah və parental payın, atrofiyası nəticəsində yaranan qocalıq kəmağıllığının bir növüdür.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, bu ağır xəstəliyin müalicəsi yoxdur. Xəstəliyin gecikmiş mərhələlərində xəstə ətrafdakıları tanımır, hətta öz adını və kim olduğunu unudur, elementar bacarıqları (yemək yemək, paltar geyinmək və s.) itirir.
Raşa Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, balıq və dəniz məhsullarının (krevet, kalmar, dəniz yosunları və s.) qəbulu bu ağır xəstəliyin inkişafı riskini xeyli azaldır. Alimlər, həmçinin qeyd edirlər ki, balıq yağı prepartalarının qəbulu bu riski azaltmır.
MedicalDaily xəbər verir ki, alimlər 2004-2013-cü illərdə dünyasını dəyişmiş yaşlı insanların beyin toxumalarını analiz ediblər. Analiz göstərib ki, həftədə heç olmasa 1 dəfə balıq və dəniz məhsullarını yeyən insanların bu məhsulları yeməyən insanlarla müqayisədə beyin toxumasında Altsheymer xəstəliyinə işarə edən dəyişikliklərə daha az rast gəlinirdi.
Alimlər belə hesab edirlər ki, Altsheymer xəstəliyinin riskini azaltmaq üçün insan həftədə ən azı 2 dəfə balıq və dəniz məhsullarını yeməlidir.
Sələf Xəbər: Uca Allah buyurur: “O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. (Bütün)(bunlar) (Allahın) lütfündən (sizə nəsib olanları) axtarıb tapmağınız və şükür etməyiniz üçündür”. (Qurani-Kərim, “Nəhl” surəsi, 14-cü ayə)
İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.