Disleksiya – Uşaqlarda oxumaq və öyrənmək çətinliyi
3. 022 dəfə baxılıb
“Sələf Xəbər” Aile.lent.az-a istinadən “Narınc” Uşaq Psixologiya Mərkəzinin defektoloq-loqopedi Dürdanə Bağırovanın məqaləsini təqdim edir:
Uşaqların böyük bir qismi 1-ci sinfə başladıqdan sonra 3-4 ay ərzində oxuma-yazmaya başlayır və bu bacarıq qısa müddətdə formalaşıb inkişaf edir. Elə valideynlərin övladından gözlədiyi də budur. Amma təəssüf olsun ki, məktəbə yeni başlayan uşaqların, təxminən 10%-i üçün bu təbii proses o qədər də asan keçmir. Bəs problem nədir? Gündəlik həyatda övladlarında gördüyü bu problemi valideynlər yaddaş zəifliyi, “tənbəllik” adlandırsa da, bu, elmi dildə disleksiya adlanır.
Disleksiya ən çox rastlanan öyrənmə problemlərindən biridir. Zəka ilə heç bir əlaqəsi olmayan, bilavasitə hafizə və dil ilə əlaqədar olan disleksiya ən geniş mənada axıcı oxuma və oxuduğunu başa düşməmə ilə özünü biruzə verən öyrənmə çətinliyidir. Disleksiyalı uşaq sahibi olan valideynləri narahat edən əsas məsələlərdən biri də uşağın zehnində inkişafın geriləməsidir. Lakin zəka səviyyəsi yüksək olan uşaqlar da da bu problemə rast gəlmək mümkündür.
Uşağımızın disleksiyadan əziyyət çəkdiyini necə bilmək olar?
Ümumiyyətlə, bilmək lazımdır ki, erkən diaqnoz həm uşağın inkişafında, həm də gələcəkdə alacağı təhsilin necə istiqamətlənməsində çox önəmlidir.
Məktəbə qədər yaş dövründə müşahidə olunan aşağıdakı hallar disleksiyanın əlamətləri ola bilər:
Nitqdə geriləmə;
Yeni sözləri öyrənməkdə çətinlik çəkmək;
Danışarkən məzmuna uyğun sözü seçməkdə çətinlik çəkmək;
Hərfləri fərqləndirməkdə çətinlik çəkmək;
Məkan və zaman anlayışlarını qavramaqda yaranan çətinlik.
Məktəb dövrünün ilk illərində müşahidə olunan hallar:
Əlifba sırasını öyrənməkdə çətinlik;
Səslərin qarşılığı olan hərflərdə çətinlik;
Hecalamada çətinlik;
Yazılı sözləri səsləndirmədə çətinlik;
Yazı yazarkən çətinlik ,yazarkən əlavə hərflər artırmaq və tam əksi, hərfləri əskik yazmaq;
Bəzən oxuma və yazmadakı çətinliyi qismən aradan qaldıra bilən uşaqlarda disleksiyanın fərqinə varmaq çətin olasa da, 5-6-cı sinifə gəldikdə:
Səsli oxumada çətinlik, sözlərin sonunu deməmə;
Yavaş, ya da səhv oxuma;
Yazıda çox sayda səhvləri (Cümlənin sonunda nöqtə qoymamaq, cümlə başındakı hərfi böyük yazmamaq və s.)
Sözlərin doğru mənalarını bilməmək;
Simvolları öyrənməkdə çətinlik çəkdiyi üçün riyaziyyat dərsində çətinlik çəkmək və s.
Bəs disleksiyanın səbəbləri nə ola bilər? Bu sual daim ailələri narahat edir. Günümüzdə müxtəlif fərziyyələr olsa da, disleksiyanın səbəbləri bilinməməkdədir. Uşağınız disleksiyalıdırsa, niyə belə olduğunu deyil, bundan sonra nələr edə bilərik sualı ətrafında düşünməlisiniz. Öyrənmədə çətinlik çəkən uşaqlara qarşı zor tətbiq etməməli, onlara kömək edərkən əsəblərinizə hakim olmalı və səbirli davranmalısınız. Təcrübə göstərir ki, valideynlərin bu cür uşaqlarla işləməsi heç bir effekt vermir. Bir sözlə, övladınızda disleksiyanın əlamətlərini aşkarladınızsa mütəxəssisə müraciət etməniz mütləqdir.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin”. (Buxari)