Gigiyena və Epidemiologiya Mərkəzi valideynlərə müraciət edib
963 dəfə baxılıb
Valideynlər uşaqların qidalanmasına diqqət yetirməlidirlər.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bunu açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva bildirib.
O, bunu yay aylarında uşaqların daha tez infeksion xəstəliklərə yoluxması ilə əlaqələndirib. Direktor müavini valideynlərə müraciət edərək mənşəyi bilinməyən və tibbi normalara cavab verməyən qidaları uşaqlara verməməyə çağırıb: “Uşaqlara verilən qidalar onların yaşına uyğun olmalıdır. Verilən sular qaynadılmış olmalıdır. Bununla yanaşı, uşaqlar üçün lazımlı bitkilər var ki, onlar da çox təmiz yuyulduqdan sonra verilməlidir. Çünki uşaqlar yay aylarında daha tez xəstələnməyə və infeksiyaya yoluxmağa meylli olurlar”.
Yay aylarında uşaqların isti günlərdə açıq havada çox qalmamağını tövsiyə edən A.Əliyeva hesab edir ki, günəş şüalarının altında qalanların bağırsaq sistemində pozğunluq yaranması ehtimalı var: “Mümkün qədər uşaqları qızmar havalarda nəzarətsiz qoymamaq lazımdır. Bağırsaq pozğunluğu ilə yanaşı, həm də uşaqlar isti altında qalarsa, günvurma da baş verə bilər. Uşağın istifadə etdiyi hər bir ləvazimat və məmulat çox təmiz yuyulmalı, sanitar tələblərə cavab verən yerdə saxlanılmalıdır. Bu deyilənlərə riayət olunarsa, uşaqlarda infeksiya və xəstəlik yaranmaz”.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.