Günorta yuxusu ömrü uzadır – Hədislərlə müqayisə
1. 386 dəfə baxılıb
Yunan alimləri belə qənaətə gəliblər ki, günorta iki saat yatıb dincəlmək ürək tutmalarının qarşısını alır, insan ömrünü uzadır.
“Sələf Xəbər” Milli.az-a istinadən xəbər verir ki, Yunanıstandan olan tədqiqatçılar 50-60 yaş arasında yüksək təzyiqdən əziyyət çəkən 400 kişi və qadını təcrübəyə cəlb ediblər.
Araşdırmalardan aydın olub ki, günorta vaxtı yatıb dincələn insanların təzyiqi beş faiz aşağı düşüb, nəbzləri də qaydasında vurur.
Həkimlər belə nəticəyə gəliblər ki, günorta yuxusu ürək tutmaları riskini azaldır.
Sələf Xəbər: Uca Allah buyurur: “Gecə və gündüz yatıb dincəlməyiniz (gecə istirahət etməyiniz, gündüz əlləşib çalışmağınız), nemətindən ruzi (qismətinizi) axtarmanız da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, (öyüd-nəsihət) eşidənlər üçün bunda ibrətlər vardır!” (ər-Rum surəsi, 23-cü ayə)
Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) 1400 il bundan öncə öz əshabələrinə günorta vaxtı yatmağı tövsiyə etmişdir. Bu haqda əlimizdə etibarlı mənbələrdən hədislər rəvayət olunmaqdadır.
Səhl bin Səd (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Günorta dincəlin!…” (Buxari və Muslim rəvayət etmişdir.)
Hədisin orijinal mətnində ərəbcə “Qəylulə” (dincəlmək, yatmaq mənasında) sözü işlədilmişdir. Alimlər deyirlər ki, bu söz məhz yatmaq anlamına gəlmir. Bu vaxt ərzində dincəlmək də qəylulə hesab edilir. Buna görə də günorta yatmaq, yaxud dincəlmək Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) bizə tövsiyə etdiyi müstəhəb, yəni bəyənilən əməllərdəndir.
Biz iman edirik ki, uca Allah Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) vasitəsi ilə bizim üçün xeyirli nə varsa, hamısı öyrətmiş, çatdırmış, təbliğ etmişdir.
Buna görə uca Allaha saysız-hesabsız şükürlər olsun… Əlhəmdulilləh.