İmmunitetimizi gücləndirək
895 dəfə baxılıb
Həkimlər immun zəifliyinin təkcə uşaqlarda deyil, böyüklərdə də bəzi xəstəliklərin erkən baş qaldırmasına səbəb olduğunu deyirlər. Xüsusən də yaşlı insanlar və hamilə qadınlar yaz-payız fəsillərində immunitetlərinin aşağı düşməsinə şərait yaratmamalıdırlar. Çünki bu insanlarda toxumalar zəif olduğundan soyuqdəymə, virus orqanizmə daha tez yol tapır. Bəzən immun sisteminin zəifləməsinin səbəbini yalnız qida ilə bağlayırlar. Amma belə deyil. Bəs immunitetimizi gücləndirmək üçün nə etməliyik?
“Sələf Xəbər”in Milli.Az-a istinadən məlumatına görə, mövzu ilə bağlı danışan professor Adil Qeybulla deyib ki, insanlar immunitetlərini gücləndirmək üçün təkcə qidaya deyil, istirahətə də vaxt ayırmalıdırlar: “Yayda günəş vannası qəbul etmək insan sağlamlığına yaxşı təsir göstərir. Dərinin qəbul etdiyi kalsium maddəsi metabolizm və immunitet sistemi üçün faydalı olduğu üçün yay fəslində günəşlənmək vacibdir. Günəş vannası qəbul etdikdə orqanizmin derma adlanan dəri qatındakı hüceyrələrin kimyəvi tərkibinin dəyişməsi ilə bədən qaralır. Bu hüceyrələr günəşdən gələn ultrabənövşəyi şüaların təsiri altında qaldıqda melonin adlanan tünd rəngli maddələrin miqdarını artırır”.
A.Qeybulla qidalanma faktorunun da immun sisteminin güclənməsində rolu olduğunu söyləyib: “İnsanlar elə düşünür ki, onlar ət və ət məhsullarından daim istifadə etməklə immunitetlərini gücləndirmiş olurlar. Amma orqanizmdə immuniteti gücləndirən, əsasən meyvə və tərəvəz, süd və dəniz məhsullarıdır. Bu qidalar orqanizmdə vitamin balansının pozulmasının qarşısını alır ki, bu da orqanizmi bir sıra xəstəliklərdən qoruyur”.
Professorun sözlərinə görə, gərgin və stresli iş rejimi də insanın immun sisteminə təsir edərək, xəstəliklərin baş qaldırmasına səbəb olur: “Bəzən insanlar bütün günlərini, iş saatından artıq kompyuter arxasında keçirirlər. Günün müəyyən saatlarında açıq havada gəzmək, sağlam qidalanmaq şərt olduğu halda bunlara əməl etmirlər. Bu cür iş rejimi təbii ki, orqanizmdə immunitetin tədricən aşağı düşməsinə öz təsirini göstərir. Xüsusilə gənclərin sağlam həyat tərzi sürməməsi, yuxusuzluq orqanizmdə immunitetin aşağı düşməsinə, xəstəliklərin erkən yaşdan baş qaldırmasına səbəb olur”.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bəndə Qiyamət günü dörd şeyin haqq-hesabını verməmiş ayaqları yerindən tərpənməyəcək (heç yerə gedən deyil). Həmin şeylər bunlardır: Bəndə öz ömrünü nəyə sərf edib? Elmindən hansı işlərdə istifadə edib? Mal-dövlətini nəyə xərcləyib? Bədənini hansı işdə korlayıb?” (Xatib əl-Bağdadi, Şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir.)