Qətərdə şahinlərin müalicə olunduğu müasir hospital – FOTO
789 dəfə baxılıb
Körfəzdə şahinlə ova çıxmaq populyar idman növü sayılır. Qətərin paytaxtı Doha şəhərində yaralı quşların müalicə olunduğu xüsusi xəstəxana da var.
Xəstəxanada diqqəti cəlb edən amillərdən biri quşların rentgendən keçirilməsidir.
Rəsmi adı Souq Waqif Falcon Hospital olan xəstəxana binasının mükəmməl və ən müasir avadanlıqla təchiz olunduğu ilk andan gözə dəyir.
“Sələf Xəbər” BBC.com-a istinadən bildirir ki, hospitalda Pakistandan tutmuş İraqadək bütün müsəlman aləmindən gəlmiş 30-a yaxın həkim və baytarlıq mütəxəssisləri çalışır.
Bu qeyri-adi xəstəxanada krallara layiq idman növünün pərəstişkarları şəxsi şahinlərinə müalicə kursu keçdirirlər.
Şahin ovu Körfəzdə, xüsusilə də zəngin qaz yataqlarına malik olan Qətərdə geniş yayılıb.
“Şahinlər çox qoçaq quşdu, nəyi gördülər – hücuma keçirlər, bu səbəbdən də tez-tez zədə alırlar”, – Məhəmməd adlı tibbi mühəndis deyir.
Şahinin bir iki lələyi itibsə – problem deyil. Hospitalda geniş lələk ehtiyyatı var. Quşun qanadı qırılıb? Qısa bir zamanda onu ortopedik əməliyyatdan keçirmək mümkündür.
Həzmetmə sistemində problem var? Quşun nəcisi və qanı analizə verilir.
Endoskopiyadan keçirildiyi zaman yuxuya dalmış quşun daxili orqanları mikrokamera daşıyan zond vasitəsilə yoxlamadan keçirilir, mikrokameraya düşən görüntü monitorlara ötürülür.
Gözlənildyinin əksinə olaraq, quşu yoxlamadan keçirmək o qədər də baha deyil – cəmi 100 rialdır ki, təxminən £20 təşkil edir. Quşu rentqendən keçirmək 20 rialdır (təxminən £4).
Məhəmməd deyib ki, bura quşları yoxlatmağa Səudiyyə Ərəbistanı, Küveyt və Körfəzin digər ölkələrindən gətirənlər var.
Şahin hospitalı, bir vaxtlar geridə qalmış ərəb şəhərinin sürətlə inkişaf etdiyini və varlandığını sübut edən əlamətlərdən biridir.
Son 10-15 il ərzində şəhərin xarici görünüşü, demək olarkı, tamamilə dəyişib, Qərb Buxtasında Doha Qülləsi də daxil yeni göydənlər ucaldılıb.
Doha Qülləsini fransız memar Jean Nouvel layihələşdirib.
Şahin hospitalı Dohanın gələcəyindən xəbər verirsə, biznesmen Hüseyn əl Fərdan dünyanın ən iri mirvari kolleksiyasının sahibidir.
Dənizin dibindən mirvari yığmaq Körfəz ölkələrində qədim sənətlərdən biri sayılır, bu ənənə 1950 illərədək davam edib.
Kolleksiyada müxtəlif ölçüsü və rəngi olan mirvarilər toplanıb, onların arasında o cümlədən ən iri ölçülü üzüyə alınmış 276 karatlıq daş da var.
Souq Waqif Falcon Hospital xəstəxanasının bələdçisi deyir ki, şahinlərini müalicəyə gətirən sahiblər quşlarını çox sevirlər: “Onlar quşlarını öpür, əzizləyir, sinələrinə sıxırlar, ailə üzvlərinə göstərdiyi münasibəti göstərirlər”.
Sələf Xəbər: Uca Allah buyurur: “Məgər onlar (başları) üzərində dəstə-dəstə pərvazlanıb (uçan), (hərdən də qanadlarını) yığan quşları görmürlərmi? Onları (havada) ancaq Mərhəmətli (Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür”. (Qurani-Kərim, “Mülk” surəsi, 19-cu ayə)
“Allah-Təala insanları, Allahın iradəsinə itaətkar olan quşların uçuşu üzərində düşünməyə çağırır. O (Pak və Müqəddəs), səmanı və havanı onlara ram etdirmişdir. Onlar uçan zaman qanadlarını geniş açır və yerə endikdə isə onları yığırlar. Onlar havada uçur, öz istəkləri ilə və şəraitdən asılı olaraq uçuş istiqamətini dəyişirlər. Havada onların müvazinətini Mərhəmətli Allahdan başqa kimsə saxlamır. O (Pak və Müqəddəs), onları göydə uçmağa yararlı olan bir görkəmdə xəlq etmişdir. Əgər insan bu barədə düşünsə, onda Onun yaratdıqlarına göstərdiyi hökmdar qayğısı ona aydın olar. Belə olduqda, o başa düşər ki, yalnız Allah Öz qullarının ibadətinə layiqdir. Həqiqətən, O (Pak və Müqəddəs), bütün varlıqları görür və Öz məxluqlarını ilahi hikmətinə uyğun olaraq idarə edir”. (Bax: “Təfsir Əs-Saadi”)