Saç tökülməsinin səbəbləri – mütəxəssis rəyi
1. 717 dəfə baxılıb
“Saç xəstəlikləri olduqca çoxdur. Saç tökülməsinə, saç dərisində olan problemlərə çox rast gəlinir. İnsan saçı çox unikaldır. Tək bir tükün özünə məxsus unikal həyatı var. Tüklər bir-birinə bağlı olmadan yaşayırlar. İnsan saçı o qədər unikaldır ki, həm də daxili orqanlarda olan bir problemin aynası ola bilər. Bədəndə toksinlər yığılanda, daxili orqanda problem yarananda saçın rəngində, quruluşunda, parlaqlığında, qalınlığında problem yaranar. Amma insan bədəni sağlam olsa belə, saçda problem yaranması mümkündür”.
“Sələf Xəbər” APA TV-yə istinadən məlumat verir ki, bunu dermatoloq, uzman doktor Leyla Mirzoyeva deyib.
Saç problemləri barədə danışan dermatoloq bildirib ki, bu anlamda saç tökülmələrinə daha çox rast gəlinir: “Azərbaycanda üç kişidən birində kəskin saç tökülməsi ortaya çıxır. Kişilərdə saç tökülməsinin səbəbi irsidir. Saç tökülməsi irsi olaraq kişilər arasında daha çox görünür.
Qadınlarda isə irsi tökülmələr daha az olur. Kişilərdə başın ön tərəfində, orta hissədə saç dibində olan enzim var. Enzimə bağlı kişilik hormonunun təsiri altında saçlar tökülməyə başlayır. Bu, genetikdir. Ata-ananın genində varsa, övladlarda da ortaya çıxa bilər. Bu enzim arxa tərəfdə olmadığı üçün orada saç tökülməsinə demək olar ki, rast gəlmirik”.
Mütəxəssisin sözlərinə görə, qadınlarda daha çox diffuz tökülmə baş verir: “Qadınlarda saç tökülməsi varsa, bunun fizioloji, yoxsa patoloji olduğunu dəyərləndirmək lazımdır. Əslində, normal halda saç tökülməlidir. Gündə yüz, yüz əlli dənə saç tökülürsə, bu normalıdır. Saç tökülür və yerinə yenisi bərpa olunur. Əgər bərpa olunursa, saçda seyrəlmə olmursa, deməli, bu, fizioloji tökülmədir, yəni normal haldır. Amma tökülmə fazasından sonra böyümə fazası gəlmirsə, saç ümumi seyrəlirsə bunun bir çox səbəbləri ola bilər”.
L. Mirzoyeva deyib ki, dəmir azlığı, qalxanvari vəzin problemləri, müxtəlif dərmanların qəbulu saçların tökülməsinə səbəb olur: “Ürək, təzyiq dərmanları, adi bir iştahaçıcı dərman da saçda tökülmə yaradır. Tüklər həmin dərmanlara belə, cavab verib tökülə bilər. Saçların tökülməsinin səbəbi bədəndə olan qansızlıq, dəmir çatışmazlığı da olar. Saçlar yaxşı qidalanmır deyə tökülə də bilər. Qalxanvari vəzdə olan problemlər zamanı saçlar seyrəlir, incəlir, matlaşır, parlaq olmur”.
Patoloji saç tökülmələri haqda danışan dermatoloq qeyd edib ki, bu, tamamilə başqa bir haldır: “İstər qadın, istər kişilərdə ciddi bir tökülmə, seyrəlmə varsa, burada ilk olaraq iki səbəb ağıla gəlməlidir. Bunlardan birincisi stress faktoru, ciddi psixoloji travmalardır. Digəri, infeksiyalar, cərrahiyyə əməliyyatlarıdır. Bu hallar ciddi saç tökülməsinə səbəb olur.
Dermatoloq onu da deyib ki, yağlı saçları tez-tez yumaq ziyanlı deyil: “Sadəcə, qaynar sudan istifadə etmək yalnışdır. Qaynar su yağ vəzlərini fəallaşdırır, saçları daha da yağlandırır. Ona görə də ilıq su ilə yumaq gərəkdir”.
L. Mirzoyeva quru saçlarla bağlı danışarkən deyib ki, bədəndə vitaminlər az olanda saç uclarına vitamin çatmır: “Bu zaman saçlara maskalar etmək lazımdır. Tüklərin dibinə, dəriyə dəyməmək şərti ilə saçlara yağ tərkibli maskalar vurulmalıdır”.