Sümükləri möhkəmləndirən məhsullar
2. 007 dəfə baxılıb
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, sümüklərinizi qocalana qədər sağlam və möhkəm saxlamaq istəyirsinizsə, qidalanmanızda mütləq bu kimi məhsullar olmalıdır:
– Süd məhsulları (süd, kəsmik, pendir, xama, qatıq və s.) kalsiumun əsas mənbəyidir. Kalsium sümüklərimiz üçün tikinti materialı funksiyasını yerinə yetirir. Həmçinin süd məhsulları D vitamini ilə zəngindir ki, bu vitamin kalsiumun orqanizm tərəfindən mənimsənilməsini təmin edir.
– Süd məhsullarından əlavə ispanaq, kərəviz, kahı, çuğundur yarpaqları, brokkoli kələmi kalsiumla zəngindir.
– Sardina, qızılbalıq, tunes, siyənək balığı sümüklər üçün vacib olan Omeqa-3 yağlı turşular, D vitamini və fosforla zəngindir.
– Qoz, badam, araxis, günəbaxan tumları, cücərdilmiş buğda sümüklər üçün vacib olan bir çox maddələrlə zəngindir.
– Ərik, üzüm, banan, kişmiş, əncir və əncir qurusu kaliumla zəngindir. Bu mineral sümüklərin möhkəmləndirilməsinə kömək edir.
– Paxlalıların (noxud, lobya, mərci) tərkibində B vitamini çoxdur. Elmi araşdırmalar sübut edib ki, bu qrup vitaminlərin çatışmamazlığı nəticəsində sümüklər daha kövrək olur.
Çay, qəhvə və xüsusilə şirin qazlı içkilərin (müxtəlif limonadlar, koka-kola və s.) həddindən artıq çox miqdarda qəbulu sümüklərdən kalsiumun yuyulmasını sürətləndirir. Spirtli içkilərin qəbulu və siqaret çəkmək kalsiumun orqanizm tərəfindən normal mənimsənilməsinin qarşısını alır.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.