Uşaqları bu təhlükədən qoruyaq
838 dəfə baxılıb
Azərbaycanda orta məktəblərdə mütəmadi stomatoloji baxışların keçirilməsi təklif olunur.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, Milli Məclisdən verilən məlumata görə, növbəti iclaslarda bu məsələ ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əlavə və dəyişikliklər edilməsinin təklif edilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, ağız boşluğunda infeksiyaların vaxtında aşkar edilərək aradan qaldırılması vacibdir və bu, profilaktikanın ən önəmli sahələrindən biridir: “Ağız boşluğunda olan infeksiya sonradan daha ciddi fəsadlara gətirib çıxarır. Problemin qarşısını vaxtında almaq lazımdır ki, digər xəstəliklərə yol açmasın. Orta məktəblərdə şagirdlərin ağız boşluğunun müayinə olunması, müayinədən sonra lazım gələrsə, müalicə edilməsi və müalicənin də uşaqlara ağrı, psixoloji tramva vermədən aparılması vacib məsələdir”.
Mənbənin sözlərinə görə, bu gün Azərbaycanda səhiyyə sahəsi xeyli inkişaf edib, Azərbaycanda orqan köçürülməsindən tutmuş digər ağır əməliyyatlar həyata keçirilir: “Ancaq elə məsələlər var ki, diqqətdən kənarda qalır. Gərək valideynlər özləri də bu məsələdə diqqətli olsunlar”.
Ekspertlər də bu məsələnin olduqca vacib olduğunu qeyd edirlər. Onların qənaətincə, ağız boşluğunda olan mikroblar daha sonra özünün digər daha ağır fəsadları ilə də qorxuludur. Çünki iltihab prosesi diş kökü ətrafı sümük toxumasına keçərək periodontit xəstəliyinə, çənə sümüklərinə keçdikdə isə daha qorxulu hesab edilən osteomielit xəstəliyinə səbəb ola bilər.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)